Gələn il Asiya İnkişaf Bankı ilə Azərbaycan arasında tərəfdaşlıq strategiyası imzalanacaq

Gələn il Asiya İnkişaf Bankı ilə Azərbaycan arasında tərəfdaşlıq strategiyası imzalanacaq
# 13 dekabr 2012 11:55 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, bunu AİB-in Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri Olli Noroyono bankın Azərbaycanda 2012-ci ildə fəaliyyətinə həsr olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, 2013-cü ildən başlayaraq növbəti 5 ili əhatə edəcək Azərbaycan üzrə yeni tərəfdaşlıq strategiyası AİB üçün çox əhəmiyyətli və vacib sənəddir: «Bu sənəd hazırda Azərbaycan hökuməti ilə razılaşdırılır. Hazırda AİB-lə Azərbaycan hökuməti bu sənəddə əks olunacaq prioritet sektorları müəyyənləşdirir. Güman edirəm ki, burada əsasən infrastruktur sahələri əhatə edəcək sektorlara üstünlük veriləcək».

O.Noroyono onu da əlavə edib ki, 2013-cü ilin I rübündə AİB-lə Azərbaycan hökuməti arasında sözügedən sənədə dair məsləhətləşmələr aparılacaq və nəticədə əməkdaşlığın prioritet sahələri müəyyənləşəcək: «Hazırda sektorlar üzrə təhlillər və qiymətləndirmələr aparılır ki, bura nəqliyyat, su təchizatı, kənd təsərrüfatı, energetika, sosial və maliyyə kimi sahələr daxildir».

O.Noroyono qeyd edib ki, AİB-in Azərbaycan üzrə yeni tərəfdaşlıq strategiyası Azərbaycan hökumətinin «Azərbaycan-2020: Gələcəyə baxış» İnkişaf Konsepsiyasına uyğun hazırlanır, bu da banka ölkə ilə əməkdaşlıqda yardım edəcək.

Xatırladaq ki, bundan əvvəl tərəflər hər il yenilənən fəaliyyət strategiyası çərçivəsində əməkdaşlıq ediblər, yeni ildən isə əməkdaşlıq adı çəkilən tərəfdaşlıq strategiyası çərçivəsində aparılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR