“İnsan Hüquqları Aylığı” çərçivəsində iyunun 12-də Hüquq və İnsan Haqları İnstitutu Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi ilə birgə media nümayəndələri üçün “Media və insan hüquqları” mövzusunda maarifləndirici sessiya təşkil edib.
APA xəbər verir ki, sessiyanın məqsədi jurnalistlərin peşə fəaliyyətlərini həyata keçirərkən insan hüquqlarının qorunması sahəsində qüvvədə olan qanunvericiliyin tələbləri və etik davranış standartları barədə məlumatlılığını artırmaq olub.
Tədbirdə çıxış edən İnstitutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə media nümayəndələrinin insan hüquqlarının təbliği və ictimai şüurun formalaşdırılmasında mühüm rol oynadığını vurğulayıb. O bildirib ki, media sahəsində insan hüquqlarına yanaşmanın mövcud vəziyyətini qiymətləndirmək məqsədilə müxtəlif media resurslarında yayımlanan materiallar mütəmadi olaraq təhlil edilir və monitorinqlər aparılır.
Məhəmməd Quluzadənin sözlərinə görə, təhlillərin nəticələri jurnalistlərin insan hüquqları sahəsində məlumatlılığının və peşəkar bacarıqlarının artdığını göstərsə də, bəzi xəbər materiallarında insan hüquqlarının qorunması və etik jurnalistika prinsiplərinin tətbiqi ilə bağlı əlavə diqqət tələb edən məqamlar hələ də müşahidə olunur. O qeyd edib ki, bu kimi halların qarşısının alınması məqsədilə mütəmadi təlimlər və məlumat sessiyaları keçirilir.
Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli isə çıxışında insan hüquqlarının qorunması sahəsində medianın üzərinə böyük məsuliyyət düşdüyünü bildirib. O vurğulayıb ki, jurnalistlər informasiya hazırlayarkən və yayarkən insan hüquqlarına hörmət etməli, peşə etikası və qanunvericiliyin tələblərinə riayət etməlidirlər.
Natiq Məmmədli əlavə edib ki, insan hüquqlarının müdafiəsi və qorunması istiqamətində media nümayəndələrinin məsuliyyətli fəaliyyəti davamlı xarakter daşımalıdır.
Sessiya zamanı İnstitutun təlimçi-ekspertləri jurnalist fəaliyyətində daha çox rast gəlinən insan hüquqları pozuntuları və onların hüquqi nəticələri barədə ətraflı məlumat veriblər. İştirakçıların diqqətinə çatdırılıb ki, təqsirsizlik prezumpsiyasının pozulması, şəxsi və ailə həyatına müdaxilə, fərdi məlumatların icazəsiz açıqlanması, uşaq hüquqlarının pozulması, ayrı-seçkilik və nifrət nitqini təşviq edən materialların yayılması, intiharla bağlı xəbərlərin hazırlanması zamanı etik qaydalara əməl olunmaması, həmçinin təhqir və böhtan xarakterli məlumatların yayılması yolverilməzdir.
Qeyd olunub ki, insan hüquqlarının pozulmasına səbəb olan hərəkətlər qanunvericiliklə müəyyən edilmiş hüquqi məsuliyyət yaradır. Bu baxımdan media nümayəndələrinin peşə fəaliyyətlərində hüquqi normalara və etik prinsiplərə ciddi əməl etmələrinin vacibliyi vurğulanıb.
Sessiyanın sonunda iştirakçıların sualları cavablandırılıb, media fəaliyyətində insan hüquqlarına həssas yanaşmanın rolu və əhəmiyyəti ətrafında fikir mübadiləsi aparılıb.