Mediaya dəstək mexanizmlərinə dair sorğu keçirilib, İqtisadiyyat Nazirliyi ilə müzakirə aparılıb

Əhməd İsmayılov

© APA | Əhməd İsmayılov

# 12 yanvar 2022 14:49 (UTC +04:00)

“Medianın İnkişafı Agentliyi tərəfindən jurnalistlərin rifahının yüksəldilməsi və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində müxtəlif layihələr işlənib hazırlanmaqdadır”.

APA-nın məlumatına görə, bunu MEDİA-nın icraçı direktoru Əhməd İsmayılov “Mediada islahatlar: Yeni hədəflərə doğru” məqaləsində yazıb.

İcraçı direktor qeyd edib ki, Media Reyestrinin tətbiqi ilə bu istiqamətdə aidiyyəti dövlət qurumları ilə birgə konkret layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

Ə. İsmayılov diqqətə çatdırıb ki, Agentlik fəaliyyətinin əsas hədəflərindən biri kimi media subyektlərinin iqtisadi müstəqilliyinin təmin edilməsi məsələsini daim diqqətdə saxlayır, bu məqsədlə müvafiq təhlil və araşdırmalar aparır, müxtəlif qurumlarla əməkdaşlıq edir: “Məsələn bir müddət öncə media subyektləri üçün iqtisadi dəstək mexanizmləri ilə bağlı xüsusi yazılı sorğu keçirilmiş, 100-dən çox media subyektindən təkliflər toplanaraq təhlil edilib və həmin təkliflərin İqtisadiyyat Nazirliyi ilə ilkin müzakirəsi aparılmışdır. Media subyektlərinin iqtisadi müstəqilliyi ümumilikdə medianın müstəqilliyinin əsas təminatçısıdır və bu mənada media subyektləri müstəqil sahibkarlıq (biznes) subyekti kimi rəqabətqabiliyyətli olmağı bacarmalıdırlar. Bəzi hallarda, ictimai əhəmiyyət daşıyan, lakin kommersiya nöqteyi-nəzərindən özünü maliyyələşdirə bilməyən ictimai-siyasi, xəbər, idman və uşaq telekanallarına mütəmadi dövlət dəstəyinin göstərilməsi dünyada geniş qəbul olunan bir praktikadır”.

Bildirilib ki, yaxın gələcəkdə media subyektlərinin iqtisadi müstəqilliyi, jurnalist və qeyri-jurnalist olan media nümayəndələrinin peşəkarlığının artırılması, region mediasının inkişafı, mediada reklam məsələləri, rəqəmsal media və gənclərlə bağlı müxtəlif layihələrin, sahəvi jurnalistikanın müxtəlif istiqamətləri üzrə xüsusi tədbirlərin işlənib hazırlanması nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR