Ankarada Hüseyn Cavidin 130 illik yubileyi münasibətilə tədbir keçirilib

Ankarada Hüseyn Cavidin 130 illik yubileyi münasibətilə tədbir keçirilib
# 25 dekabr 2012 11:40 (UTC +04:00)

Bakı. Ülkər Rəşidqızı – APA. TÜRKSOY-un Ankaradakı baş ofisində görkəmli Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 130 illik yubileyi münasibətilə tədbir keçirilib. Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, tədbirdə çıxış edən Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov TÜRKSOY-un Azərbaycanın və bütün türk dünyasının görkəmli ədibləri və sənətçilərinin yubileylərinin keçirilməsi, bununla türkdilli ölkələrin mədəniyyətlərinin dünyada tanıdılması sahəsində xidmətlərini vurğulayıb. Diplomat görkəmli ədib Hüseyn Cavidin keşməkeşli həyat yolundan, çox şaxəli və zəngin yaradıcılığından danışıb. TÜRKSOY-un baş katibinin müavini Fırat Purtaş, Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm nazirinin müavini Məhəmməd Həsənov, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin idarə rəisi Əhməd Arı dörd il İstanbulda təhsil almış görkəmli şair və dramaturqun zəngin ədəbi irsinin bütün türk dünyasının sərvəti olduğunu vurğulamış, yubileyin keçirilməsində xidmətləri olan TÜRKSOY-a və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinə təşəkkür ediblər. Sonra Qazi Universitetinin professoru Əhməd Bican Ercilasunun sədrliyi ilə konfrans keçirilib. Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Dəliömeroğlu, Kazım Qarabəkir Fondunun sədri Timsal Qarabəkir, yazıçı Azər Turan, Turan Cavid Qadın Mərkəzinin sədri Sevda Cəfərova görkəmli şair və dramaturqun həyat və yaradıcılığından bəhs ediblər.

Çıxışlarda Heydər Əliyevin sərəncamı ilə 1982-ci ildə Cavidin məzarının doğma yurdu Naxçıvana gətirilərək dəfn edilməsi, yenə ümummilli liderin ikinci dəfə Azərbaycana rəhbərlik etdiyi zaman görkəmli ədibin mavzoleyinin, onun Ev Muzeyinin yaradılması üçün səyləri vurğulanıb. Sonra Cavidin əsərlərinə bəstələnmiş mahnılar səsləndirilib, Naxçıvan Dövlət Musiqili Dram Teatrı Ankaranın Keçiörən rayonunda ədibin "İblis" tamaşasını təqdim edib. Hüseyn Cavidin 130 illik yubileyi münasibətilə tədbirlər İstanbul Universitetində də davam etdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR