Ulucay Akifə "Ədəbiyyat adamı” mükafatı verilib - FOTO

Ulucay Akifə "Ədəbiyyat adamı” mükafatı verilib - FOTO
# 03 may 2024 12:09 (UTC +04:00)

Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan Yaradıcılıq Fondunun dəstəyi ilə təşkil edilən “Ədəbiyyat adamı” müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib.

APA xəbər verir ki, mərasimdə çıxış edən Xalq yazıçısı, akademik Kamal Abdulla müsabiqənin qaliblərinin tam obyektiv şəkildə seçildiyini deyib.

“Bildiyimiz kimi, may ayı Ulu Öndər Heydər Əliyevin doğum günü ilə əlamətdardır. Biz də fondumuz adından qərara gəldik ki, bu özəl gün münasibətilə ədəbiyyatçılarımız, ziyalılarımız üçün bir pul mükafatı təsis edək və hər il may ayında onu təqdim edək. Artıq beşinci ildir mükafatı təqdim edirik. Bəs niyə ədəbiyyat adamı? Fikrimcə, bu ad çox iddiasız, mütəvazi addır. Bizim aləmimizdə ədəbiyyat adamı sakitcə ədəbi fəaliyyətlə məşğul olan, zəhmətkeşliyi, peşəkarlığı əsas prinsip seçən, ədəbiyyatı həyat kimi, həyat tərzi kimi yaşayan, “ədəbi yaxşılıqlar edən”, ədəbiyyatın dostu olan şəxsdir. Bu mükafatın unikallığı ondadır ki, burada rəqiblər yoxdur”, - o deyib.

Daha sonra qaliblər Ramiz Rövşən, Həmid Herisçi, Rüstəm Behrudi, Aqşin Yenisey, Azər Turan, Aydın Talıbzadə, Nərgiz Cabbarlı, Ulucay Akif, Etimad Başkeçid, Varis təltif olunublar. Qaliblər çıxış edərək mükafata layiq görüldükləri üçün təşəkkür ediblər.

Tədbir çərçivəsində yaradıcılıq fakültəsinin məzunlarına diplomlar təqdim edilib.

Qeyd edək ki, “Ədəbiyyat adamı” layihəsi çərçivəsində istər ölkə daxilində, istərsə də xaricdə çoxşaxəli tədbirlər, konfranslar, poeziya gecələri, görüşlər, kütləvi açıq mühazirələr, ödənişli qapalı seminarlar keçirilməsi, mükafatların verilməsi nəzərdə tutulub.

Xatırladaq ki, şair Ulucay Akif Kulis.az mədəniyyət dərgisinin baş redaktorudur.

Aytən Sakitqızı

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR