Dünyanı fəth edən Keiko Matsui Bakıda konsert verəcək - FOTO

Dünyanı fəth edən Keiko Matsui Bakıda konsert verəcək   - <span style="color: red;">FOTO
# 12 dekabr 2012 08:59 (UTC +04:00)

Keiko Matsui: “Həyatımda musiqinin məni xilas etdiyini hiss etdiyim anlar çox olub”

Bakı. Ülkər Rəşidqızı - APA. Dünyaca məşhur ifaçı Keiko Matsui Bakıda konsert verəcək. “Buta” İncəsənət Mərkəzinin təşkilatçılığı ilə baş tutacaq konsert martın 15-də Heydər Əliyev adına Sarayında gerçəkləşəcək.

“Buta” İncəsənət Mərkəzindən APA-ya verilən məlumata görə, bu dəfə bakılı tamaşaçılara xalq artisti Teymur Göyçayevin rəhbərlik etdiyi Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri ilə birgə konsert proqramı təklif ediləcək. Konsertə biletləri şəhərin bütün kassalarından almaq olar. Biletlərin qiyməti 20-100 manat arasındadır.

Keiko Matsui dünya vətəndaşıdır. Yorulmadan qastrol səfərlərinə çıxan Keiko öz musiqisini dünyanın, demək olar ki, hər bir guşəsində tanıdıb. Onun bütün sərhədləri aşıb keçən musiqisi və sözün əsl mənasında beynəlmiləl bağlılığı müxtəlif musiqi təsirlərinin nadir qarışığını yaradır.

Yaponiyada doğulmuş bu pianoçu, bəstəkar və prodüser deyir: “Həyatımda musiqinin məni xilas etdiyini hiss etdiyim anlar çox olub. Mənimlə pərəstişkarlarım arasında bir əlaqə var və biz mənim musiqimin ahəngindən birlikdə feyzyab oluruq. Mən yollarda olduğum zaman Yer kürəsində insanların hamısının bir olduğu hissinin başqaları ilə paylaşmağımı səbirsizliklə gözləyirəm. Biz hamımız çarpışmalara, ədavətə son qoymalı və birləşməliyik. Musiqi insanları bir araya gətirən ecazkar qüvvəyə malikdir və ümid edirəm ki, mənim musiqim dünyanı ahəngə gətirməyə kömək edəcək. Bu albom mənim üçün xüsusi və çox mühüm bir əhəmiyyət kəsb edir. Ümid edirəm ki, mənim musiqim pərəstişkarlarımın qəlbinə yol tapacaq və onları laqeyd qoymayacaq”.

Təbiətən fəal insan olan Keiko (Key-Koe kimi tələffüz edilir və yapon dilində “xoşbəxt uşaq, uşaq-bayram” mənasını daşıyır) dünya ilə danışmaq üçün təkcə öz musiqisindən istifadə etmir, həm də öz səsini müxtəlif təşkilatlar tərəfindən həyata keçirilən aksiyaların xeyrinə istifadə edib, məsələn, BMT-nin Ümumdünya Ərzaq Proqramı, “Mart İlik Registrinə Daxil Ol”, “Milli Donor Proqramı” və “İlik Fondu”. Milyon yarımdan artıq tirajla satılmış albomları və bütün dünya üzrə onlarla konsertləri ilə tanınan Keyko Matsui instrumental musiqinin ən parlaq ulduzlarından biridir. Keiko Matsuinin azad ruhu və yaradıcılıq dühası ona Stivi Uander, Maylz Devis, Hyu Masakela, Bob Ceyms və Deyv Koz kimi istedadlı sənətkarlarla eyni səhnədə çıxış etməkdən zövq almaq imkanı verib. “Billboard” jurnalının üçüncü nömrəsində Matsui “Ən Yaxşı Müasir Caz Artisti” adına layiq görülüb və elə həmin il “Billboard” jurnalının “Ən Yaxşı On Müasir Hind Caz Albomları”nın siyahısında yer tutub. O, Nyu-Yorkdan Moskvaya kimi dünyanın ən məşhur səhnələrində çıxış edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR