Bank Of Baku

Milli Məclisin komissiyası CNN-i iddialarını sübut edəcək faktları təqdim etməyə çağırıb

Milli Məclisin komissiyası CNN-i iddialarını sübut edəcək faktları təqdim etməyə çağırıb
# 05 iyun 2026 18:50 (UTC +04:00)

2026-cı il iyunun 5-də CNN transmilli media şirkətinin “İsrail İran müharibəsi zamanı region üzrə gizli şəbəkənin bir hissəsi olaraq Azərbaycana qoşun göndərdi" başlıqlı məqaləsində adları açıqlanmayan mənbələrə istinad edərək Azərbaycana qarşı informasiya təxribatına yol verib.

APA xəbər verir ki, bu barədə Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının CNN-in məqsədyönlü informasiya təxribatına dair bəyanatında deyilir.

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası bu məlumatın Yaxın Şərqdə sülh prosesinə, habelə Azərbaycanın milli maraqlarına və beynəlxalq nüfuzuna xələl gətirmək məqsədilə yayıldığını və dezinformasiya kampaniyasının bir hissəsi olduğunu bəyan edib.

“İlk növbədə qeyd olunmalıdır ki, mühüm diplomatik və siyasi hadisələr, qlobal beynəlxalq tədbirlər və ya proseslərin astanasında CNN və oxşar media quruluşları tərəfindən Azərbaycana qarşı hədəflənmiş informasiya kampaniyasının aparılması artıq birinci hal deyil.

Komissiyanın apardığı monitorinq zamanı müəyyən edilib ki, adıçəkilən məqalə paylaşıldıqdan dərhal sonra "fürsətçi amplifikasiya" taktikası və prosesi nəticəsində bu anti-Azərbaycan narrativ dünya üzrə əksər nüfuzlu media orqanlarında, habelə “X”, “Threads”, “Facebook” və “Telegram” kimi sosial media platformalarında sürətlə yayılaraq kampaniya halını alıb.

Məqalə müəlliflərinin sonda daim Azərbaycanın əleyhinə olan mövqeyi ilə seçilən və vaxtilə “Soros Fondu”nun maliyyələşdirdiyi media layihələrdə fəaliyyət göstərən şəxsə müraciət etməsi isə məsələnin haradan qaynaqlandığını ehtimal etməyə əsas verir.

Müvafiq dövlət qurumlarımız tərəfindən də dəfələrlə bəyan edildiyi kimi, ölkəmizdə heç bir xarici dövlətin hərbi qüvvələri (qoşunları) və ya bazaları yoxdur və Azərbaycan Respublikasının ərazisindən üçüncü dövlətlərə qarşı hansısa qeyri-dost fəaliyyətlərin aparılması mümkün deyil”, - bəyanatda deyilir.

Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiya CNN-dən bu məqalənin əsassızlığı barədə açıqlama verməyə və ya iddialarını sübut edəcək faktları ictimaiyyətə təqdim etməyə çağırır.

“Əks halda CNN doğrulanmamış və anonim mənbələrə söykənərək geniş beynəlxalq əhatə dairəsinə malik materiallar yaymaqla hibrid təhdidlərin vacib komponentləri sayılan informasiya əməliyyatları, saxta narrativlər və dezinformasiya kampaniyalarında alət rolunu oynadığını bir daha təsdiq etmiş olacaq”, - bəyanata bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR