Azərbaycanlı sahibkar qadınlar İstanbulda keçirilən Qadınların Zirvə Toplantısında iştirak edib

Azərbaycanlı sahibkar qadınlar İstanbulda keçirilən Qadınların Zirvə Toplantısında iştirak edib
# 13 noyabr 2012 15:47 (UTC +04:00)

Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycanlı sahibkar qadınlar İstanbulda keçirilən «Kadın Girişimçilər Derneyi» (KAGİDER-in) Qadınların Zirvə Toplantısında iştirak edib. Azərbaycandan 20 sahibkar qadın sözügedən tədbirə qatılıb.

Azərbaycan Sahibkarlar Konfederasiyasından (ASK) «APA-Economics»ə verilən məlumata görə, yerli və xarici ölkələrdən gələn qadınların iştirak etdiyi toplantıda qadınların bütün sahələrdə aparıcı mövqe sahibinə çevrilməsi məsələləri müzakirə olunub.

Tədbirin açılış mərasimində çıxış edən KAGİDER-in sədri Gülden Türktan bildirib ki, bu gün qadınlar dünyada 20 trln. dollarlıq bir iqtisadiyyatı idarə edir. Gələcək 5 il bu rəqəmin 28 trln-a çatacağı gözlənilir. Hazırda dünyada 1 mlrd. qadın iş həyatına atılıb və gələcək 5 ildə bu rəqəm 1,2 mlrd. dollara çatacaq. G.Türktan həmçinin bildirib ki, əgər qadınlar qarşılarına çıxan fürsətləri zamanında layiqincə dəyərləndirsə, yeni dünya quruluşunda qadınlar üçün yeni yol açılacaq. G.Türktan onu da qeyd edib ki, yeni dünya quruluşunda ölkələrin istər iqtisadiyyat, istərsə də siyasi aləmdə söz sahibi olması üçün qadınların qarşısında olan maneələr aradan qaldırılmalıdır.

Qadınların kölgədə qalan potensialının üzə çıxarılmasının müasir dövrün tələblərindən olduğunu deyən lider qadınlar bildiriblər ki, çalışan qadınların həyat şəraitini yaxşılaşdırmaq məqsədilə dövlət proqramları tərtib olunmalıdır.

Azərbaycanın ictimai-iqtisadi həyatında fəal iştirak edən qadınlarından biri hesab olunan Jalə Hacıyeva çıxışında Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olan qadınların sayının çox olduğunu, onların mikrokreditlər vasitəsilə iş qurmağa cəhd etdiklərindən söhbət açaraq, ölkədə sahibkar qadınlarla bağlı mövcud vəziyyəti təhlil edib.

Daha sonra Azərbaycandan zirvə toplantısında iştirak etmək üçün İstanbula gedən sahibkar qadınlar Türkiyədəki azərbaycanlı İş Adamları Birliyində görüş keçiriblər. Türkiyədəki Azərbaycanlı İş adamları Birliyinin yönətim kurulu başkanı Seymur Ağayevlə görüş zamanı azərbaycanlı sahibkar qadınlar sahibkarlıq fəaliyyətləri ilə bağlı məlumat verərək, yeni iş imkanlarını müzakirə ediblər. Görüşdə Türkiyədəki azərbaycanlı İş Adamları Birliyi ilə ASK arasında sıx əlaqə olduğu, bundan sonra daha səmərəli əməkdaşlığın qurulacağı ilə də bağlı vəd verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR