Kitabxanaçıların Ümumrespublika Müşavirəsi keçirilib - FOTOSESSİYA

Kitabxanaçıların Ümumrespublika Müşavirəsi keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 20 dekabr 2012 14:18 (UTC +04:00)

Azərbaycanda Dövlət Kitab Palatası yaradılmasına qərar verilib

Bakı. Ülkər Rəşidqızı-APA. Bu gün Kitabxanaçıların Ümumrespublika Müşavirəsi keçirilib. APA-nın verdiyi məlumata görə, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən kitabxanaçıların ümumrespublika müşavirəsinin iştirakçıları təşkil olunmuş sərgiyə baxış keçiriblər. Açılış mərasimində çıxış edən mədəniyyət və turizm nazirinin I müavini Vaqif Əliyev ölkəmizin qədim dövrlərdən başlayaraq, öz yüksək kitab mədəniyyəti ilə seçildiyini deyib. Nazir müavini əlavə edib ki, respublikamızda 11000 kitabxana mövcuddur: “Biz qərara almışıq ki, Dövlət Kitab Palatası yaradaq".

Tədbirdə iştirak edən xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev müasir gənclərin yaradıcı düşüncəsi haqqında öz fikirlərini bölüşüb: “Kitab oxunması ilə bağlı keçirilən sorğulardan məlum olur ki, Azərbaycanda kitab oxunması çox aşağı səviyyədədir. Bu rəqəm Sankt-Peterburq şəhərində 64 faiz, Gürcüstanda 48 faiz, Ermənistanda 33 faiz, Azərbaycanda isə 11 faizdir. Hesab edirəm ki, Azərbaycanla bağlı rəqəm belə reallığı əks etdirmir. Bu rəqəm 3 faiz həcmindədir. Hər kəs deyir ki, elektron informasiyalar çoxalıb, kitabın oxunmasına bir o qədər də ehtiyac yoxdur. Onda belə çıxır ki, elektron informasiya yalnız Azərbaycanda mövcuddur. Digər ölkələr bizdən qat-qat geri qalır. Belə bir sual ünvanlamaq istəyirəm. Azərbaycan nəyi təbliğ edir? Bu gün kitablarımız az tirajla çıxır. Hər şey nağıldan başlayır, nağıl oxumayan uşaq gələcəkdə başqa kitabları da oxumayacaq. Bu gün çalışmalıyıq ki, neft ehtiyatlarımız tükəndikdən sonra intellektual düşüncəmizi xaricə ixrac edək”.

Müşavirədə iştirak edən Milli Məclisin Mədəniyyət Komissiyasının sədri, millət vəkili Nizami Cəfərov bildirib ki, kitabxanaların dağılması dəyərlərimizin məhv olması deməkdir: “Azərbaycanda kitabxanaların dağılması daha çox tarixi hadisələrlə bağlıdır. Ancaq bu gün kitabxanalarımız yenidən bərpa edilir. Bu sahədə kifayət qədər qanunlar qəbul olunub. Bu sahədə bir sıra məqamlar var ki, onlar yenidən işlənilməlidir. 2008-ci ildə bu sahə üzrə 5 illik dövlət proqramı qəbul olunub”.

Müşavirədə əməkdar elm xadimi Abuzər Xələfov, Mizrə Fətəli Axundzadə adına kitabxananın direktoru Tahir Kərimov və regionlardan gəlmiş MSK-nın direktorları görülmüş işlər və problemlər haqqında məruzə ilə çıxış ediblər.

Tədbirin sonunda bir sıra kitabxana rəhbəri və işçilərinə Mədəniyyət və Turizm Nazirliyinin fəxri fərman və təltifləri verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR