“Neftçi” MDB çempionatı ilə bağlı rəsmi mövqeyini açıqlayıb

“Neftçi” MDB çempionatı ilə bağlı rəsmi mövqeyini açıqlayıb
# 29 noyabr 2012 11:34 (UTC +04:00)

Bakı-APA. Bakının “Neftçi” klubu keçmiş SSRİ məkanını təmsil edən ölkələrin ən güclü komandalarının iştirakı ilə keçirilməsi müzakirə olunan turnirlə bağlı mövqeyini açıqlayıb. Paytaxt təmsilçinin prezidenti Sadıq Sadıqov apasport.az saytına açıqlamasında belə bir yarışda oynamağın əleyhinə olmadıqlarını bildirib.


“Qazprom” ASC-nin İdarə Heyətinin sədri Aleksey Miller Rusiya və Ukrayna klublarının iştirakı ilə ortaq kubokun təşkil olunması, sonradan isə yarışın genişləndirilərək postsovet məkanı təmsilçilərinin çempionatına çevrilməsi ideyası ilə çıxış edib. Artıq MDB məkanının bəzi klubları ilə bu yöndə ilkin danışıqlar da aparılır. Azərbaycanın ən titullu klubu, son 2 mövsümün çempionu “Neftçi”nin belə yarışa qatılıb-qatılmayacağına aydınlıq gətirən Sadıqov çempionatın səviyyəsindən asılı olduğunu bildirib: “Hər şey turnirin səviyyəsindən asılıdır. Əgər keçmiş SSRİ-nin ən güclü klubları yarışda əsas heyətlə, A komandası ilə çıxış etsə “Neftçi” də bu yarışa qatılacaq. Həmin turnirdə canla-başla oynayarıq. Lakin əgər “Birlik kuboku” kimi bir yarış olsa bundan imtina edəcəyik. Hələ o vaxt “Birlik kuboku”nun olduğu dövrdə belə yarışda oynamayacağımızı açıqlamışdım. Hamı bu yarışa 2-3-cü komandalarını göndərirdi. Çox maraqsız yarış idi”.

Qeyd edək ki, Belarusun BATE klubun da yarışla bağlı mövqeyini açıqlayaraq detallar müəyyənləşdikdən sonra qəti qərar verəcəyini bildirmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR