Azərbaycanlı karateçilər finala çıxıb

Azərbaycanlı karateçilər finala çıxıb
# 13 iyun 2015 14:06 (UTC +04:00)

Apasport.az saytının məlumatına görə, “Kristal Zal”da təşkil edilən ilk yarış günündə 6 dəst medal öz sahibini tapacaq. Kumite növü üzrə keçirilən çəki dərəcələrinin hamısında Azərbaycan təmsil olunub.

Kişilər

60 kq

A qrupu

Bu çəkidə tatamiyə çıxan Firdovsi Fərzəliyev ilk qarşılaşmada ispaniyalı Matias Qomes Qarsiya ilə üz-üzə gəlib. Rəqibini 2:0 hesabı ilə məğlub edən I dan qara kəmər sahibinin növbəti görüşdə rəqibi italiyalı Luka Mareska olub. Karateçimiz bu dəfə də inamlı təsir bağışlayıb və qalib gəlməkdə çətinlik çəkməyib - 4:2. Bununla da yarımfinalda iştirak hüququ qazanan həmyerlimiz son görüşdə albaniyalı Halil Marqeş döyüşüb.

Üçüncü görüşündə də tatamini üstün tərk edən (6:0) Fərzəliyev qrup qalibi kimi mərhələ adlayıb. O, finala gedən yolda digər qrupun ikincisi moldovalı Emin Pavlovla qüvvəsini sınayıb. Həmyerlimiz bu dəfə də görüşdən qalib ayrılıb. O, 2:4 hesabı ilə geridə olsa da, sonda təmiz qələbə qazanıb.

Karateçimiz finalda qrup mərhələsində məğlub etdiyi Mareska ilə yarışacaq.

67 kq

A qrupu

Komandamızın medal ümidlərindən olan Niyazi Əliyev yarışa gürcüstanlı İrakli Tkebuçava ilə start verib. İlk qarşılaşmasını 2:0 hesabı ilə aktivinə yazan həmyerlimiz ardınca Stevan Da Kostanı (Fransa) 3:1, ispaniyalı Manuel Rosero Ruis 2:0 hesabı ilə məğlub edib.

O, yarımfinalda digər qrupun ikincisi Burak Uyğurla (Türkiyə) qarşılaşıb. Döyüş Əliyevin məğlubiyyəti ilə yekunlaşıb - 1:4.

75 kq

A qrupu

Yığmamızın lideri Rafael Ağayev də bu gün mübarizəyə qoşulub. Dünya və Avropa çempionumuz debüt görüşündə ukraynalı İlya Nikulinlə üz-üzə gəlib. 3:0 hesabı ilə qalib gələn titullu idmançımız ikinci qarşılaşmasında gözlənilmədən Erman Eltemura (Türkiyə) uduzub - 3:5. Buna baxmayaraq, qrupda son döyüşünü Latviyanı təmsil edən Ruslan Sadıqova qarşı keçirən Ağayev 3:1 hesabı ilə məğlub edərək, qrup səddini adlayıb.

Rafael yarımfinalda almaniyalı Noa Bitşlə qarşılaşıb. Döyüş həmyerlimizin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Ağayev qızıl medal uğrunda italiyalı Luici Busa ilə gücünü yoxlayacaq.

Qadınlar

50 kq

A qrupu

Bu növdə ölkəmizin idman şərəfini Nuranə Əliyeva A qrupunda yer alıb. İlk görüşdə avstriyalı Bettina Plankla münasibətinə aydınlıq gətirən karateçimiz yuka xalı ilə uduzub - 0:1. O, növbəti 2 gürüşündə də ümidləri doğrultmayıb. Türkiyəli Serap Özçelikə 0:6, xorvatiyalı Monika Beruleç 0:3 hesabı ilə məğlub olan Əliyeva qrupda sonuncu olub və vaxtından əvvəl Oyunlarla vidalaşıb.

55 kq

B qrupu

Yığmamızın üzvü İlahə Qasımova birinci döyüşünü Cenni Varlinqə (Lüksemburq) qarşı keçirib. Döyüş 4:0 hesabı ilə təmsilçimizin xeyrinə başa çatıb. O, ikinci görüşündə də uğurlu seriyanı davam etdirib. Türkiyəli Tuba Yakanla qarşılaşan həmyerlimiz bu dəfə 1:0 hesablı qələbəyə sevinib.

Bu qələbə sayəsində yarımfinala vəsiqəni təmin edən İlahə son görüşünü xorvatiyalı Yelena Kovaçeviçə qarşı keçirib. Rəqib 1:0 hesabı ilə qalib gəldiyindən, Qasımova qrup ikincisi kimi mərhələ adlayıb.

Karateçimiz yarımfinalda fransalı Emilya Tuoyla qüvvəsini sınayıb. Görüş idmançımız üçün uğursuz alınıb və 6:1 hesabı ilə qalib gələn rəqib finala yüksəlib. Qasımova bürünc uğrunda ispaniyalı Kristina Ferrer Qarsiya ilə döyüşəcək.

61 kq

B qrupu

Millimizin karateçisi Fəridə Abıyevanın Avropa Oyunlarında debütü slovakiyalı İnqrida Suşankova görüşə təsadüf edib. Bu rəqiblə qarşılaşma 2:2 hesabı ilə başa çatsa da, 20 yaşlı həmyerlimiz daha sonra Ana Lenarda (Xorvatiya) 0:6, Merve Çobana (Türkiyə) 1:2 hesabı ilə uduzaraq, mübarizəni dayandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR