Bolqarıstanın Azərbaycandakı səfiri: “Azərbaycan və Ermənistan gərginliyi daha da artıracaq emosional bəyanatlardan çəkinməlidir”- MÜSAHİBƏ

Bolqarıstanın Azərbaycandakı səfiri: “Azərbaycan və Ermənistan gərginliyi daha da artıracaq emosional bəyanatlardan çəkinməlidir”- <span style="color: red;">MÜSAHİBƏ
# 23 noyabr 2012 09:28 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. Bolqarıstanın Azərbaycandakı səfiri Maya Xristovanın APA-ya müsahibəsi.

- Hörmətli səfir, Azərbaycanla Bolqarıstan arasında enerji sahəsində əməkdaşlığın perspektivləri və hazırda işlənib hazırlanmaqda olan layihələr haqda məlumat verməyinizi istərdik.

- Biz “Şahdəniz-2” konsorsiumunun “Nabucco-Vest” layihəsi üzrə seçimini enerji ehtiyatlarının Mərkəzi Avropaya nəqlinin variantlarından biri kimi qiymətləndiririk. Dəqiq marşrut bu il müəyyənləşəcək. Biz ümid edirik ki, Bolqarıstan-Rumıniya-Macarıstan-Avstriya marşrutu seçiləcək. İnanırıq ki, Azərbaycan tərəfinin verdiyi vədlərin yerinə yetirilməsi ilə Bolqarıstan bu layihə çərçivəsində Azərbaycandan qaz alan ilk ölkə olacaq.

- İki ölkə arasında hansı sahələr üzrə və nə qədər saziş imzalanıb? Əlavə hansı sahələrdə əlaqələri genişləndirmək üçün perspektivlər var?

- Son bir neçə il ərzində münasibətlərdə fəallaşma hiss olunur, lakin qeyd etmək lazımdır ki, münasibətlərin səviyyəsi hələ qaneedici deyil. İqtisadi, ticarət, mədəni əməkdaşlıq və ikitərəfli dialoqun inkişafı üçün böyük potensial mövcuddur. Bolqarıstan baş nazirinin bu il aprelin 26-27-də Azərbaycana rəsmi səfəri əlaqələrə dinamika qazandırıb. Bolqarıstan parlamentinin sədri də Azərbaycana səfər edib. Bu yaxınlarda Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov və ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovun Bolqarıstana səfərləri nəzərdə tutulub. Bu ay iqtisadi əlaqələr üzrə hökumətlərarası komissiyanın 4-cü yığıncağı keçirilməlidir.

Son 1 il ərzində Azərbaycanla Bolqarıstan arasında 5-dən çox saziş imzalanıb: cinayətkarlıqla birgə mübarizə, fövqəladə hallarda birgə əməkdaşlıq, ARDNŞ və Bolqarıstan Energetika Holdinqi arasında anlaşma Memorandumu, AZPROMO ilə Bolqarıstan Ticarət-Sənaye Palatası arasında anlaşma Memorandumu və iki ölkə Konstitusiya məhkəmələri arasında razılaşma.

- Mədəni-humanitar əməkdaşlığın səviyyəsi barədə nə deyə bilərsiniz?

- Ölkələr arasında yaxşı münasibət olmasına baxmayaraq, mədəniyyət sahəsində əməkdaşlıq az inkişaf edib. Lakin bu sahədə əlaqələrin inkişafı üçün yaxşı potensial var. Mədəni əməkdaşlığa dair 2011-ci ilin aprelində imzalanan sazişin bu sahədə əlaqələrin genişlənməsinə şərait yaradacağına inanırıq. Gələn il Bolqarıstanda Azərbaycan Mədəniyyət Günlərinin keçirilməsi planlaşdırılır. Biz iki ölkə təhsil nazirlikləri arasında imzalanmış sazişin ratifikasiyasına da önəm veririk. Bolqarıstan ali təhsil ocaqları Azərbaycandan daha çox tələbə qəbul etməyə hazırdır. 2011-2012-ci tədris ilində Bolqarıstanda oxuyan azərbaycanlı tələbələrin sayı 18-dir.

- Azərbaycandan daha çox investor cəlb etmək üçün Bolqarıstan hansı addımları ata bilər?

- Bolqarıstandan Azərbaycana şərab, tütün, siqaret, alkoqolsuz içkilər, parfümeriya, kosmetika, geyim, tibbi ləvazimatlar, mebel, tikinti materialları, elektrik avadanlıqları, nəqliyyat vasitələri və digər məhsulların ixracını artırmaq olar. Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına qəbulu da iqtisadi əməkdaşlığın genişlənməsi üçün əsas şərtlərdən biridir. Qarşılıqlı investisiyalar əməkdaşlığın ən az inkişaf edən istiqamətlərindən biridir və 2011-ci ildə cəmi 800 min avro təşkil edib.

- Turizm əlaqələrinin inkişafında əsas maneələr nələrdir?

- Bakı ilə Sofiya arasında aviareyslərin sayının azlığı iqtisadi və turizm əlaqələrinə zərbə vurur. 2011-ci ildə Bolqarıstana gedən azərbaycanlı turistlərin sayı 1961 nəfər olub ki, bu da əvvəlki illə müqayisədə 1,3% azdır. Ötən il Azərbaycana gələn bolqarların sayı isə 194 nəfər təşkil edib.

- Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Bolqarıstanın mövqeyi barədə nə deyə bilərsiniz?

- Avropa Birliyindəki tərəfdaşlarımızla birlikdə biz ATƏT-in Minsk Qrupunun fəaliyyətini dəstəkləyirik. Lakin gördüyümüz kimi, Minsk Qrupunun münaqişənin həlli üçün təklif etdiyi mexanizm və imkanlar hələlik tərəflərə kömək etmir. Lakin buna baxmayaraq, qrup danışıqlar prosesi üzrə əsas beynəlxalq forum statusunu saxlamalıdır. Biz inanırıq ki, Azərbaycan və Ermənistan prezidentləri arasında konstruktiv dialoq problemin sülh yolu ilə həllinə kömək edəcək. Hesab edirik ki, münaqişənin qəti həlli yolunu tapmaq üçün tərəflər etimad mühiti yaradılmasına çalışmalı, “düşmən” anlayışından imtina etməli və sülh yolunun problemin yeganə həll yolu olduğuna inanmalıdır. Qarabağ məsələsinin həlli bölgənin iqtisadi dirçəlişi üçün çox vacibdir. Problemin dinc yolla həlli regional layihələrin uğurla reallaşmasına və Cənubi Qafqazın sabit bölgəyə çevrilməsinə səbəb olacaq. Azərbaycan və Ermənistan iki xalq arasında gərginliyi daha da artıracaq emosional bəyanatlardan qaçmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR