Azərbaycanda qiymətli kağızlar bazarında sui-istifadənin qarşısının alınması qaydaları qəbul edilib

Azərbaycanda qiymətli kağızlar bazarında sui-istifadənin qarşısının alınması qaydaları qəbul edilib
# 26 dekabr 2012 14:07 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi «Qiymətli kağızlar bazarında sui-istifadələrin qarşısının alınmasına dair Qaydalar»ı qəbul edib. «APA-Economics»in məlumatına görə, bu qaydalar xidməti məlumatın saxlanmasını, istifadəsini, təqdim edilməsini, açıqlanmasını, insayderlər tərəfindən özünə məxsus qiymətli kağızlar ilə apardığı əməliyyat barədə məlumatın açıqlanmasını və qiymətli kağızlar bazarında sui-istifadənin qarşısının alınmasına dair tədbirləri müəyyən edir. Bununla yanaşı, bu qaydalar Azərbaycan Mərkəzi Bankı və ya digər dövlət orqanları tərəfindən pul, dövlət borc və valyuta tənzimi siyasətinin həyata keçirilməsi məqsədilə aparılan əməliyyatlara şamil edilmir.

Yeni qaydalar qiymətli kağızlar bazarında sui-istifadə - xidməti məlumatdan istifadə etməklə əqdlərin bağlanması və qiymətli kağızlar bazarında qiymətlərlə manipulyasiyaların həyata keçirilməsi və insayderlərin davranışı ilə bağlı məsələləri əhatə edir.

Sənəddə xidməti məlumatın təqdim edilməsi və açıqlanması qaydaları, insayderlərin siyahısı, insayder əqdləri haqqında məlumatların açıqlanması qaydaları, eləcə də qiymətli kağızlar bazarında sui-istifadələrin qarşısının alınmasına dair tədbirlər əhatə olunub.

Belə ki, qiymətli kağızlar bazarında sui-istifadələrin qarşısının alınması məqsədi ilə bəzi addımlar yolverilməz sayılır. Bura qiymətli kağızlar bazarında yanlış və ya təhrif olunmuş məlumatın açıqlanması; kütləvi informasiya və ya hər hansı digər vasitələr ilə qiymətli kağızlara dair yanlış və yayındırıcı təsəvvür yaradan və ya yarada biləcək xəbərlərin, şayiələrin və digər məlumatların yayılması; xidməti məlumat əsasında digər şəxslərin qiymətli kağızların alınmasına (satılmasına) və ya alınmasından (satılmasından) imtina edilməsinə təhrik edilməsi və ya tövsiyələrin verilməsi; şəxs tərəfindən eyni qiymətli kağızların bir vaxtda alınması və satılması üzrə tapşırıqların verilməsi; yanlış təsəvvürün yaradılması məqsədi ilə qiymətli kağızlar üzrə ticarətin süni olan aktivliyinin nümayiş etdirilməsi və s. hallar aiddir. Bundan başqa, qiymətli kağızların qiymətinə və ya onlara olan tələb və təklifə dair yanlış və ya aldadıcı məlumatları verən və ya verə bilən əqdlərin bağlanması və ya tapşırıqların verilməsi, eləcə də saxta vasitələrdən istifadə etməklə və ya qiymətli kağızlarla saxtakarlıqla müşayiət olunan əqdlərin bağlanması və ya belə əqdlərin bağlanması üçün tapşırıqların verilməsi də yolverilməz sayılır.

Qaydalara əsasən, qiymətli kağızlarla əqdlərin bağlanması zamanı sui-istifadə halları barədə şübhə olduqda, qiymətli kağızlar bazarının peşəkar iştirakçıları şübhə yaradan səbəblər göstərilməklə QKDK-ya dərhal məlumat verməlidirlər. Həmin məlumatların digər şəxslərə açıqlanmasına yol verilmir.

Sənədə əsasən, qiymətli kağızlar bazarında sui-istifadə halları aşkar edildikdə QKDK əqdin bağlanmasını və ya icrasını dayandırır, əqdin etibarsız hesab edilməsi üçün məhkəmədə iddia qaldırır, peşəkar fəaliyyət ilə məşğul olmaq üçün verilmiş lisenziyanın fəaliyyətini dayandırır və ya ləğv edilməsi üçün məhkəmədə iddia qaldırır. Qaydalara görə, sui-istifadə nəticəsində zərər çəkmiş şəxs, sui-istifadəni həyata keçirən şəxsdən ona dəyən maddi zərərin ödənilməsini tələb edə bilər.

Bu qaydaların qüvvəyə minməsi ilə indiyədək qüvvədə olan «Qiymətli kağızlar bazarında qiymətlərlə manipulyasiyaların qarşısının alınması Qaydaları» və «Qiymətli kağızlar bazarında xidməti məlumatın saxlanması, istifadəsi və təqdim edilməsi Qaydaları» qüvvədən düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR