“Mili Məclisdə Əli Hüseynlinin moderatorluğu ilə 3 saatdan çox davam edən ictimai dinləmələrdə 32 media təmsilçisinin açıq, sərbəst fikir mübadiləsi, maraqlı rəy və təkliflərin səsləndirməsi, sonrakı günlərdə öz mövqelərini parlamentə çatdırması layihənin əhəmiyyətini bir daha sübut edir”.
APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin plenar iclasında “Media haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib.
Z Oruc deyib ki, ölkədə 5000-dən çox rəsmi qeydiyyatdan keçən KİV, 40-dək gündəlik, 200-dən çox həftəlik və aylıq qəzet-jurnal və digər media nümunələri, 300-ə yaxın xəbər və analitik internet saytı, 20-yə yaxın informasiya agentliyi, bölgələrdə 100-ə yaxın media subyekti fəaliyyət göstərir: “Azərbaycanda 11 ümumrespublika, 4 peyk, 11 regional və 49 kabel televiziyası, 25 internet televiziyası, 11 radio, Naxçıvanda 2 televiziya, 2 radio, 9 qəzet, 1 jurnal nəşr olunur, mətbuat yayımını həyata keçirən müstəqil 23 kommersiya şirkəti var. Yeni qanun medianın texniki, təşkilati, sosial və peşəkar fəaliyyətləri ilə bağlı bütün problemləri həll etməyə iddialı deyil, lakin ondan ötəri mühüm hüquqi bazadır. Qarşıdakı aylarda dövlət tərəfindən medianın inkişafı ilə bağlı yeni addımların atılacağı gözlənilir. Media strategiyası və konsepsiyanın qəbul olunmasını qanun layihəsi ilə eyni vaxtda gözləyənləri yaxşı başa düşürük, lakin hazırda hüquqi bazanın yenilənməsi həmin sənədlərin də qəbulunu mümkün edəcək”.