AMEA elmi müəssisələrində ali məktəblərin baza kafedralarının yaradılması təklif olunur - FOTOSESSİYA

AMEA elmi müəssisələrində ali məktəblərin baza kafedralarının yaradılması təklif olunur - <span style="color: red;">FOTOSESSİYA
# 27 dekabr 2012 09:48 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, Geologiya İnstitutunun direktoru Akif Əlizadə AMEA elmi müəssisələrində ali məktəblərin baza kafedralarının yaradılmasını təklif edib.

APA-nın xəbərinə görə, Geologiya İnstitutunun bu gün keçirilən illik hesabat yığıncağında çıxış edən A.Əlizadə bildirib ki, hazırda Geologiya İnstitutunda, eləcə də AMEA-nın digər qurumlarında ən məhsuldar 35-50 yaşlı alimlər yox dərəcəsindədir: “Elm bayrağını qəbul etməyə qadir olan çox az sayda gənclər var. Bu gün AMEA-da gənc kadrların vəziyyəti çox mürəkkəbdir”.


A.Əlizadə vəziyyətdən çıxış yolunu elmlə təhsilin yaxınlaşmasında görür: “Ali məktəblərin AMEA elmi müəssisələrində baza kafedralarının yaradılması qanunvericilik səviyyəsində həll olunmalıdır. Tələbə tədqiqatçılarla ən azı 3 il müddətinə müqavilə bağlanmalı və onların tədqiqatlarına maliyyə vəsaiti ayrılmalıdır. Yalnız bu yolla gənc alimləri elmə cəlb etmək olar”.


A.Əlizadə qeyd edib ki, hazırda Geologiya İnstitutunda Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) “Neft və qazın geologiyası” adlı baza kafedrası yaradılıb. Yeni baza kafedrası gələn ildən fəaliyyətə başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR