“Forbes”: TANAP Avropanın Rusiyadan qaz asılılığının aradan qalxmasını təmin edəcək

“Forbes”: TANAP Avropanın Rusiyadan qaz asılılığının aradan qalxmasını təmin edəcək
# 20 noyabr 2012 10:33 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “Türkiyə tərəfindən Avstriyaya təklif olunan “Nabucco” qaz kəməri qeyri-müəyyənliklə qarşılaşdıqdan sonra Türkiyə və Azərbaycan buna alternativ olan və Rusiya və İrana paralel olaraq Cənub qaz dəhlizinin yaradılması üzərində işləyirlər. Bu qaz kəməri Avropanın enerji təminatını və Rusiyadan qaz asılılığının aradan qaldırılmasını təmin edəcək”. APA-nın məlumatına görə, bu barədə nüfuzlu “Forbes” jurnalında yazılan məqalədə göstərilib.

Məqalədə həmçinin deyilir ki, 2017-ci ilə kimi yekunlaşacaq Trans-Anadolu (TANAP) təbii qaz kəməri Azərbaycanın “Şahdəniz-2” yatağından Türkiyə vasitəsilə ildə 16 mlrd. kubmetr qaz nəql edəcək: “TANAP bu ay enerji nəhəngləri olan BP, Statoil və “Total SA” ilə əməkdaşlığını elan edib. Qaz kəmərinin uğurlu alınması nəinki Türkiyə və Azərbaycan, o cümlədən Avropa Birliyi üçün də vacibdir. Dünya bazarı bu qaz kəmərini dəstəkləyəcək, lakin burada vacib məsələ odur ki, bu layihə ABŞ rəhbərliyinin praktik dəstəyini tələb edir. ABŞ-ın dövlət katibi Hillari Klinton ölkəsinin Cənub qaz dəhlizinə dəstək verdiyini bildirib, lakin onlar daha böyük iş görə bilərlər. Dəstək müxtəlif formalarda, o cümlədən diplomatik dəstək şəklində ola bilər. ABŞ rəhbərliyi Rusiya və İrana bəyan edə bilər ki, bu ölkə özünün regiondakı uzunmüddətli müttəfiqləri olan Azərbaycan və Türkiyəyə sadiqdir”.

Məqalədə qeyd olunur ki, Azərbaycan ABŞ və Avropa üçün əsas müttəfiq olmaqda davam edir: “Onun 30 trln. kubmetr şəklində dəyərləndirilən qaz ehtiyatları Mərkəzi Asiya ölkələrindən çox az miqdarda aşağıdır. Buna baxmayaraq, Azərbaycan təbii resursları sayəsində regionda əsas coğrafi tərəfdaşa çevrilib. TANAP Azərbaycanın təbii qaz ixracı və təhlükəsizliyi baxımından vacibdir. Ölkə üçün ən əsas təhlükə bu qaz kəmərinin reallaşmasında maraqlı olmayan Rusiya və İranla qonşu olmasıdır”.

Yazıda TANAP-ın Türkiyə üçün əhəmiyyətindən danışılır. Qeyd edilir ki, TANAP ölkənin elektrik enerjisi istehsalı və daxili inkişaf üçün vacib olan təbii qaz tədarükünü artıracaq və Avropanın enerji siyasətində Ankaranın rolunu yüksəldəcək: “Türkiyənin özünün təbii qaz və neft ehtiyatları olmasa da, çox vacib tranzit ölkədir. Türkiyənin stabil qaz təminatına ehtiyacı var ki, bunu da Azərbaycan təmin edir. TANAP həmçinin Avropanın Rusiyadan enerji asılılığını azaldacaq. Brüsseldə Avropa Birliyinin enerji komissarı Günter Ottinger bildirib ki, Avropa indi Azərbaycan və digər Xəzəryanı ölkələrdən qazı birbaşa almağa daha yaxındır”.

“Avropa həmçinin Azərbaycan kimi etibarlı tərəfdaş tapıb. Bu cür tərəfdaş Avropada təbii qaz qiymətlərinin azalmasına imkan verəcək. Tənqidçilər TANAP Avropa Birliyi ölkələrini kifayət qədər qazla təmin edə bilməyəcəyini desələr də, bu qaz kəməri Avropanın enerji təminatını həyata keçirəcək”, - deyə “Forbes” yazır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR