Noyabrda ermənilər cəbhə xəttində atəşkəsi 101 dəfə pozublar

Noyabrda ermənilər cəbhə xəttində atəşkəsi 101 dəfə pozublar
# 04 dekabr 2012 09:37 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov-APA. Noyabr ayında Ermənistan Silahlı Qüvvələri tərəfindən cəbhə xəttində atəşkəs rejimi 101 dəfə pozulub. APA-nın Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin təsdiq etdiyi məlumatlar əsasında apardığı monitorinqin nəticələrinə görə, noyabr ayında cəbhədə atəşkəsin pozulması ilə müşahidə olunan döyüşlərdə Azərbaycan tərəfi itki verməyib.

Bununla belə, noyabr ayında cəbhə xəttində 4 mina hadisəsi baş verib. Nəticədə 1 hərbçi şəhid olub, 4 hərbçi isə yaralanıb.

Atəşkəsin ən çox pozulması cəbhənin mərkəzində - Ağdam rayonu istiqamətində qeydə alınıb. Bu istiqamətdə Ermənistan Ordusu tərəfindən atəşkəsin pozulmasına dair 32 fakt baş verib. Bundan başqa, atəşkəs rejimi Füzuli rayonu istiqamətində 23, Xocavənd rayonu istiqamətində 15, Goranboy rayonu istiqamətində 9, Cəbrayıl rayonu istiqamətində 6, Tərtər rayonu istiqamətində 3, Göygöl rayonu istiqamətində 1 dəfə pozulub.

Noyabr ayında Ermənistan-Azərbaycan dövlət sərhədində atəşkəsin pozulması faktlarında azalma müşahidə olunub. Ümumilikdə ötən ay Qazax istiqamətində 5, Tovuz istiqamətində 4, Gədəbəy istiqamətində isə 3 dəfə atəşkəs rejiminin pozulması qeydə alınıb.

Qeyd edək ki, 2012-ci ilin yanvar - noyabr aylarında cəbhə xəttində atəşkəs rejimi Ermənistan Silahlı Qüvvələri tərəfindən 1370 dəfədən çox pozulub. Bundan başqa, iyun ayında bir həftə ərzində cəbhənin bütün istiqamətlərində intensiv döyüşlər gedib.

Aparılmış dəqiqləşdirmələrə görə, cari ilin yanvar-noyabr aylarında cəbhə xəttində Azərbaycan Ordusunun iki hərbçisi ermənilər tərəfindən əsir götürülüb, 22 hərbçi, 1 mülki sakin atəşkəsin pozulması və mina partlayışları nəticəsində yaralanıb, 16 hərbçi isə şəhid olub.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR