Prezidentin izi ilə Ağdam rayonuna təşkil olunan media tura start verilib

Prezidentin izi ilə Ağdam rayonuna təşkil olunan media tura start verilib
# 27 dekabr 2023 11:50 (UTC +04:00)

Prezidentin izi ilə Ağdam rayonuna təşkil olunan media tura start verilib.

APA-nın Qarabağ bürosu xəbər verir ki, media nümayəndələri ilk olaraq Ağdamda Prezident İlham Əliyev tərəfindən açılışı olan “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kV-luq “Ağdam” qovşaq yarımstansiyasında olublar.

Qarabağ Regional elektrik şəbəkəsinin direktoru Mircəlal Hüseynov media nümayəndələrinə bildirib ki, “AzərEnerji” tərəfindən inşa edilən 110/35/10 kV-luq “Ağdam” qovşaq yarımstansiyasına “Ağdam-1” yarımstansiyasından 10 kilometr məsafədə ikidövrəli olmaqla 110 kilovoltluq ötürmə xətti və bu xəttin üstündəki ildırımötürücü trosun içində 24 damarlı fiberoptik kabel xətti çəkilib.

"Bu yarımstansiyanın Ağdamın Xocalıya birləşən yerində tikilməsində xüsusi məqsəd var idi və daha çox gələcəyə hesablanıb. Yəni “Ağdam” Qovşaq Yarımstansiyası rayonun bəzi kəndləri ilə yanaşı əsasən Xocalı, Əsgəran, Xocavənd, Ağdərə və Xankəndini ölkə enerji sisteminə qoşmaqla, böyük hissəsini elektrik enerjisi ilə təchiz etməklə bərabər, həmçinin, ehtiyat qida mənbəyi kimi regionun enerji təchizatında etibarlılığı təmin edir. Bunun üçün yarımstansiyada ehtiyat yuvalar da quraşdırılıb. Artıq yaxın vaxtlarda “Ağdam” Qovşaq Yarımstansiyasından Xankəndiyə 110 kilovoltluq ötürmə xətti çəkilərək 110/35/10 kilovoltluq “Şuşa” və “Füzuli” yarımstansiyaları ilə əlaqələndiriləcək. Bununla da ikitərəfli elektrik təchizatına nail olunacaq. Eyni zamanda Xocalı, Əsgəran və digər kənd və qəsəbələrin 35 kV-luq elektrik təchizatı da “Ağdam” Qovşaq Yarımstansiyasından təmin ediləcək".

Qurumun rəsmisi qeyd edib ki, yarımstansiyanın yeni tikilən İdarəetmə Mərkəzində 35 və 10 kV-luq rəqəmsal qapalı paylayıcı qurğular yerləşdirilməklə yanaşı, əks-qəza avtomatikası, mikroprosessor tipli rele mühafizəsi, avtomatika və idarəetmə panelləri, sabit və dəyişən cərəyan qurğuları ilə təmin edilib.

"Yarımstansiyada müasir tələblərə cavab verən micro SCADA sistemi yaradılıb və “Azərenerji”nin mərkəzi SCADA sistemi ilə sinxronlaşdırılıb".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR