Bidzina İvanişvili İçərişəhərlə tanış olub

Bidzina İvanişvili İçərişəhərlə tanış olub
# 27 dekabr 2012 11:34 (UTC +04:00)

Bakı – APA. Gürcüstanın baş naziri Bidzina İvanişvili “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ilə tanış olub. İdarədən APA-ya verilən xəbərə görə, qonağın Bakının qədim hissəsi ilə tanışlığı Qız Qalasının qeyri-adi memarlıq xüsusiyyətləri, habelə bu abidədə həyata keçirilən muzey konservasiyası layihəsi barədə dolğun məlumatın verilməsi ilə başlanıb. Daha sonra yaxınlıqdakı Sıratağlı dini-memarlıq kompleksinin ərazisindəki daş sənəti ekspozisiyası təqdim edilib. B. İvanişviliyə Bakının orta əsrlər tarixinə aid ticarət əlaqələrindən xəbər verən Buxara və Multanı karvansaraları barədə də informasiya verilib.

Gəzinti elektromobillərlə davam etdirilib. Kiçik Qala küçəsində baş nazir Azərbaycan milli mətbəxinin ləziz nümunəsi olan təndir çörəyinin dadına baxıb. Gəzintisi Kiçik Qala küçəsi ilə davam edən qonaq qala divarlarının bərpa və konservasiya olunmuş hissəsi ilə tanış olub. Qala divarının ətrafında aparılmış abadlaşdırma zamanı aşkar olunan arxeoloji tapıntılar, divardaxili gizli yollar qonağın böyük marağına səbəb olub.

Ekskursiya Azərbaycanın orta əsr memarlığının nadir incisi olan Şirvanşahlar Sarayı Kompleksində davam etdirilib. Saray binasının taxt-tac zalında yerləşən İçərişəhərin maketi B. İvanişvilinin diqqətini cəlb edib. Qoruq İdarəsinin sifarişi ilə aparıcı Avropa şirkəti tərəfindən 1:200 miqyasında hazırlanmış maket üzərində İçərişəhərin dar küçə labirintlərinin və memarlıq abidələrinin detalları ilə tanış olmaq imkanı qonağın heyranlığına səbəb olub.

Ənənəvi olaraq əsas ticarət küçələrindən biri olan Asəf Zeynallı küçəsi ilə davam edən gəzintinin sonunda Gürcüstanın baş naziri İçərişəhərin Fəxri Qonaqlar Kitabına öz ürək sözlərini yazıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR