ARDNŞ və Hyuston meriyası arasında əməkdaşlıq memorandumu imzalanıb

ARDNŞ və Hyuston meriyası arasında əməkdaşlıq memorandumu imzalanıb
# 22 dekabr 2012 16:01 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. ABŞ-ın Hyuston meriyasında bu şəhərdə səfərdə olan Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidenti Xalik Məmmədovla görüş keçirilib.


ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, görüşdə meriya rəhbərliyi, senator Rodni Ellis və başqa rəsmi şəxslər iştirak ediblər. Tədbirdə qeyd olunub ki, ABŞ və Azərbaycan, eləcə də qardaşlaşmış şəhərlər olan Bakı və Hyuston arasında səmərəli qarşılıqlı münasibətlər və xüsusilə sıx əlaqələr yaranıb. ARDNŞ-in iki ölkə arasında münasibətlərin dərinləşməsi, Texas ştatı və Hyuston şəhəri ilə əməkdaşlığın genişləndirilməsi işinə yüksək töhfələr verməsi vurğulanıb.


X.Məmmədov qeyd edib ki, Bakı və Hyuston arasında əlaqələrin tarixi qədimdir və bu iki şəhər 100 ildən artıq bir müddətdə dünya neftçıxarma işinin pionerləri olub, neft sənayesində tətbiq edilən bütün tendensiya və yeniliklərin mühüm mərkəzləri kimi çıxış edib. Onun sözlərinə görə, 1976-cı ildə qardaşlaşmış şəhərlər olan Bakı və Hyuston arasında münasibətlər Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasından sonra yeni mərhələyə qədəm qoyub: «Əlamətdar haldır ki, «Azəri-Çıraq-Günəşli» yataqlar blokunun işlənməsinə dair «Əsrin müqaviləsi»nin hazırlanması üzrə danışıqlar da məhz Hyuston şəhərində keçirilib».


X.Məmmədov xatırladıb ki, 2011-ci ildə ARDNŞ ilə Hyuston meriyası arasında imzalanmış qarşılıqlı münasibətlər haqqında Memorandum mühüm əhəmiyyət kəsb edir. Memorandum çərçivəsində böyük həcmli işlər görülüb, Hyustonda «Azərbaycan Evi» Mədəni Mərkəzi fəaliyyətə başlayıb, Türkdilli Xalqların Festivalı keçirilib. ARDNŞ ilə birlikdə Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının bu istiqamətdə məqsədyönlü fəaliyyəti də qeyd olunub.


Görüşün sonunda ARDNŞ və ABŞ-ın Hyuston meriyası arasında əməkdaşlığın möhkəmləndirilməsi haqqında Memorandumun imzalanma mərasimi keçirilib. Memorandumda tərəflər arasında gələcəkdə də qarşılıqlı faydalı münasibətlərin, səmərəli əməkdaşlıq və dostluq əlaqələrinin genişləndirilməsi istiqamətində irimiqyaslı tədbirlərin görülməsi nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR