Azad Rəhimov: “Avropa Oyunları Azərbaycanın bütün sahələrinə müsbət təsir göstərəcək” - FOTO

Azad Rəhimov: “Avropa Oyunları Azərbaycanın bütün sahələrinə müsbət təsir göstərəcək”   - <span style="color: red;">FOTO
# 11 dekabr 2012 10:13 (UTC +04:00)

Bakı-APA. “Azərbaycan tərəfi I Avropa Oyunlarının təşkilinə çox məsuliyyətlə yanaşıb. Bu məqsədlə bir neçə ay ərzində yüksək və çox peşəkar səviyyədə sifariş kitabı hazırlanıb. Sənəddə Bakı şəhərinin təqdimatı yer alıb. Kitabda yarışların keçirilmə yerləri də göstərilib”. APA-nın məlumatına görə, bu fikirləri gənclər və idman naziri Azad Rəhimov Avropa Oyunlarının Bakıda keçirilməsinə həsr olunmuş mətbuat konfransında söyləyib.

Nazir bildirib ki, böyük tədbirlərin keçirilməsinin əsas meyarlarından biri irsdir: “2004-cü il Afina Olimpiadası üçün nə qədər idman qurğusu tikildi, amma indi onlar boş qalıb. Yunanıstanın idman naziri Bakıda olarkən təklif edirdi ki, Azərbaycan yığma komandaları təlim-məşq toplantılarını o idman qurğularında keçirsin. Yəni, irsiyyət məsələsi çox ciddidir. FİFA 2022-ci il dünya çempionatını Qətərə verərkən şərt irəli sürüb ki, stadionlar dünya çempionatından sonra sökülərək Afrika dövlətlərinə veriləcək. Biz də hazırda mövcud olan idman qurğularından, çoxfunksiyalı qurğulardan, məsələn, “Baku Expo Center”dən istifadə edə bilərik. Eyni zamanda, qısamüddətli, müvəqqəti qurğular da hazırlana bilər. Çimərlik voleybolu üçün Dənizkənarı Milli Parkda müvəqqəti qurğu hazırlanacaq. Olimpiya kəndi üçün isə təklif etdik ki, Heydər Əliyev prospektində yeni tikilən binalar təmir olunsun, müvəqqəti infrastruktur yaradılsın və qonaqlar orada yerləşdirilsin. Bütün bu məsələlər yaxın vaxtlarda həllini tapacaq. Kanoe üzrə bazamız yoxdur. Mingəçevirdəki bazanı isə qəbul etmirlər. Triatlon yarışlarını Şıx, Bilgəh və ya Mərdəkanda keçirə bilərik. Avropa Oyunlarınadək yeni idman qurğusu tikilməyəcək”.

Nazirin fikrincə, Avropa Oyunları Azərbaycanın bütün sahələrinə müsbət təsir göstərəcək: “Oyunlardan taksi sürücülərindən tutmuş könüllülərədək hamı istifadə edəcək. Onlar ən azı 4 dil biləcəklər. Artıq Azərbaycanca, türkcə və rusca çoxları danışa bilir. Daha bir dil – məsələn, ingiliscə və ya fransızca bilsələr, bu böyük qürur hissi yaradacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR