Beynəlxalq miqrant günü ilə bağlı mətbuat konfransı keçirilib

Beynəlxalq miqrant günü ilə bağlı mətbuat konfransı keçirilib
# 18 dekabr 2012 13:03 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. “Azərbaycan Miqrasiya Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə beynəlxalq miqrant günü münasibəti ilə mətbuat konfransı keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən ictimai birliyin sədri Əlövsət Əliyev bildirib ki, Azərbaycanda miqrasiya prosesləri uğurla tənzimlənir: “Bu gün Azərbaycanda miqrantlar var. Lakin Azərbaycan daha çox emiqrasiya ölkəsidir. Azərbaycan vətəndaşları əmək fəaliyyəti ilə məşğul olmaq üçün Türkiyə, Rusiya, Ukrayna kimi ölkələrə üz tuturlar”.

Ə. Əliyev son illər təhsil və ailə birləşməsi proqramları çərçivəsində Azərbaycandan gedənlər barədə də danışıb: “Başqa ölkəyə üz tutanlar arasında qadınlar getdikcə çoxalır. 2010-cu ilə kimi ölkədən gedənlərin 70-75 faizini kişilər təşkil etdiyi halda bu gün bu göstərici az qala 50 faizə enib. Azərbaycan vətəndaşları daha çox Qərbi Avropa, Kanada və ABŞ kimi ölkələrdə qaçqın statusu almağa çalışırlar”.

Ə. Əliyev Azərbaycana miqrantların daha çox əmək fəaliyyəti ilə məşğul olmağa gəldiklərini deyib: “Azərbaycana gələn əməkçi miqrantlar Gürcüstan, Türkiyə, Türkmənistan, Özbəkistan, Tacikistan, Pakistan, Çin, Böyük Britaniya kimi ölkələrin vətəndaşlarıdır. İşəgötürənlər əcnəbilərin əksəriyyəti üçün Azərbaycanda haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmağa görə fərdi icazə almırlar. Bu da sonda onların hüquqlarının pozulması ilə nəticələnir. Azərbaycan Nazirlər Kabineti ölkədə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan əcnəbilərin hər il üçün əmək miqrasiyasını təsdiq edir. 2012-ci il üçün əmək miqrasiyası üçün kvota 11970 nəfər müəyyən edilib. Lakin kvotaya əməl edilməyib ”.

Milli Məclisin deputatı Fazil Mustafa isə Gürcüstan vətəndaşı olan azərbaycanlıların miqrasiya ilə bağlı problemlərinin olduğunu bildirib: “Çox vaxt bizi qınayırlar ki, Milli Məclisdə bununla bağlı çıxış etmirik. Lakin bu daha çox qanunvericiliklə bağlıdır. Hesab edirəm ki, bu məsələlər öz həllini tapmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR