Tiflisdə M. F. Axundovun 200 illiyi münasibətilə “Sərgüzəşti Vəziri Xani Lənkəran” tamaşası oynanılıb

Tiflisdə M. F. Axundovun 200 illiyi münasibətilə “Sərgüzəşti Vəziri Xani Lənkəran” tamaşası oynanılıb
# 26 dekabr 2012 18:42 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə-APA. Dekabrın 26-da Gürcüstan paytaxtının Qriboyedov adına Rus Dram Teatrında Mirzə Fətəli Axundovun 200 illiyinə həsr olunan “Sərgüzəşti Vəziri Xani Lənkəran” komediyası oynanılıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Heydər Əliyev adına Tiflis Dövlət Dram Teatrının yaradıcı kollektivinin təşəbbüsü və Gürcüstan Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə baş tutan M. F. Axundovun komediyasının premyerası yüksək səviyyədə keçib. Tamaşanın təqdimat mərasimini teatrın direktoru Qoça Kapanadze açaraq gələn il teatrın 140 ilik yubileyini qeyd edəcəklərini və buna ciddi hazırlaşdıqlarını bildirib: “140 il çox böyük tarixdir. Gürcüstanda elə bir teatr yoxdur ki, 140 illik yubileyi qeyd olunsun. Bu il M. F. Axundovun 200 illik yubileyidir. Bizim teatrın kollektivi Gürcüstanın Mədəniyyət Nazirliyinin sifarişi və teatrımızın gənc rejissoru Namiq Valehoğlunun rejissorluğu ilə peşəkarlıqla hazırlanan tamaşa bu gün uğurla oynanılacaq. 2013-cü il teatrımız üçün uğurlu il olacaq, çünki yeni ildə teatrımız əsaslı təmir olacaq. Bundan sonra uğurlarımız həmişə bizə ucalıq gətirəcək”.

Sonra “Sərgüzəşti Vəziri Xani Lənkəran” komediyasının premyerası başlanıb. Tamaşada rolları teatrın gənc aktyorlarından Şeyla Cəfərova, İlqar Qasımov, Leyla Qasımova, Fazil Bayramov, Mənzər Sadıqova, Vüqar Maşov, Anar Rafiqoğlu, Namiq Musayev, Qurban Abbasov və başqaları oynayaraq dəfələrlə tamaşaçı alqışları qazanıblar.

Tamaşanın rejissoru Namiq Valehoğlu APA-ya açıqlamasında 2012-ci ildə 2 komediyanı tamaşaya hazırladıqlarını bildirib: “Teatrda istedadlı gənclərimiz çoxdur. Gələn il biz öz gücümüzlə bir çox əsərləri oynamaq üçün yaradıcılıq axtarışları aparır, məsuliyyətimizi artırırıq. Bu gün Gürcüstan Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə oynadığımız bu tamaşa tamaşaçılarımızın çox xoşuna gəlib. Bu, bizi daha da ruhlandırıb. Gələcəkdə türk dramaturqlarının və klassiklərimizin əsərlərinə müraciət etmək fikrindəyik. Düşünürəm ki, planlaşdırdığımız layihələrin öhdəsindən bacarıqla gələcəyik. Bunun üçün yaradıcı heyətimizin kifayət qədər istedadı və gücü var. Düşünürəm ki, hər tamaşa hazırlayanda maliyyə dəstəyimiz həll olunarsa, uğurlarımız çox olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR