İranın müdafiə naziri: “ABŞ-a məxsus pilotsuz təyyarəyə İranın hava məkanını pozduğuna görə atəş açmışıq”

İranın müdafiə naziri: “ABŞ-a məxsus pilotsuz təyyarəyə İranın hava məkanını pozduğuna görə atəş açmışıq”
# 10 noyabr 2012 07:55 (UTC +04:00)
Bakı. Könül Cəfərli-APA. “ABŞ-a məxsus pilotsuz təyyarəyə İranın hava məkanını pozduğuna görə atəş açılıb”. APA-nın məlumatına görə, bu bəyanatla İranın müdafiə naziri, general-mayor Əhməd Vahidi çıxış edib.

Onun sözlərinə görə, ötən həftə İranın Fars körfəzindəki ərazi sularına daxil olmaq istəyən naməlum təyyarə silahlı qüvvələrin zamanında müdaxiləsi ilə qaçmağa məcbur qalıb: “Bu və digər hadisələrdən təcrübə qazanan İran bölgədəki bütün hərəkətləri izləyərək qəti və zamanında müdaxilə edəcək. İran addımlarını beynəlxalq qanunlar və qaydalara uyğun olaraq həyata keçirir”.

Ə. Vahidi deyib k, İran düşmənin hər cür hərəkəti və fəaliyyəti qarşısında diqqətlidir və hər şeyi nəzarət altında saxlayır: “İran bütün imkanlarından istifadə edərək, beynəlxalq təşkilatlarda məsələni qaldıracaq”.

Qeyd edək ki, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) İranın hərbi təyyarələrinin Fars körfəzi üzərindəki beynəlxalq hava məkanında kəşfiyyat uçuşu həyata keçirən ABŞ-a məxsus pilotsuz uçuş aparatını vurmağa cəhd etdikləri barədə məlumat yayıb. Pentaqonun rəsmi nümayəndəsi Corc Littl pilotsuz aparatın zərər görmədiyini və bazaya qayıtdığını açıqlayıb. Noyabrın 1-də baş vermiş insident haqqında ABŞ prezidenti Barak Obama, müdafiə naziri Leon Panetta və Konqresin liderləri dərhal məlumatlandırılıb.

Pentaqondan bildiriblər ki, İranın Rusiya istehsalı olan iki ədəd “Su-25” hərbi təyyarəsindən “MQ Predator” pilotsuz uçuş aparatına atəş açılıb: “Bizim uçuş aparatımız İran hava məkanına daxil olmayıb və beynəlxalq hava məkanında hərəkət edib”. Buna baxmayaraq, ABŞ Fars körfəzinin beynəlxalq suları üzərində uçuşları davam etdirəcəyini İranın nəzərinə çatdırıb. Hətta C. Littl bəyan edib ki, lazım gələrsə, ABŞ Silahlı Qüvvələri bu cür təxribatlara reaksiya verəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR