Azərbaycanda pensiya xərcləri 20% artıb

Azərbaycanda pensiya xərcləri 20% artıb
# 10 dekabr 2012 08:21 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri 2 276,6 mln. manat təşkil edib ki, bu da 2011-ci ilin müvafiq dövrünə nisbətən 19,8% çoxdur. Fondun ictimaiyyətlə əlaqələr sektorundan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə icbari dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2011-ci ilin müvafiq dövrünə nisbətən 16,3% artaraq 1 249,2 mln. manat təşkil edib.

İcbari dövlət sosial sığorta haqları üzrə daxilolmaların 61,7%-i və ya 770,7 mln. manatı qeyri-büdcə sektorunun payına düşür. Həmin sektorun ödədiyi icbari dövlət sosial sığorta haqlarının məbləği əvvəlki ilin 11 ayına nisbətən 20,7% artıb, proqnoz isə 112,1% icra olunub.

Bu dövrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və torpaq pay mülkiyyətçilərinin sosial sığortaya cəlb edilməsi gücləndirilib. Nəticədə, ötən ilin 11 ayının göstəricisi ilə müqayisədə fiziki şəxslər üzrə daxilolmalar 25,4%, torpaq pay mülkiyyətçilərindən daxilolmalar isə 45,2% artıb.

Bu ilin yanvar-noyabr aylarında büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 478,4 mln. manat təşkil edib. Həmin təşkilatların ödədiyi icbari dövlət sosial sığorta haqları əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,8% artıb.

Sair gəlirlər (sanatoriya-kurort yollayışlarının qismən dəyərinin ödənilməsi və s.) üzrə daxilolmalar 4,6 mln. manat təşkil edib.

«Daxilolmaların səviyyəsi pensiya və müavinətlərin vaxtında maliyyələşdirilməsinə imkan verib. Bu ilin yanvar-noyabr aylarında Dövlət Sosial Müdafiə Fondunun xərcləri 2 226,8 mln. manat olub. Hesabat dövründə pensiya və müavinətlərin maliyyələşdirilməsi üçün Fond tərəfindən 2 185,5 mln. manat vəsait yönəldilib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 20% çoxdur. Pensiya xərcləri 2011-ci ilin müvafiq dövrünə nisbətən 20,3% artaraq 2 134,2 mln. manat təşkil edib. Yanvar-noyabr aylarında əhaliyə məcburi dövlət sosial sığortası hesabına 51,3 mln. manat məbləğində müavinət ödənilib», - deyə DSMF-dən bildirilib.

Ümumilikdə, bu ilin ilk 11 ayı ərzində DSMF üzrə icbari dövlət sosial sığorta haqlarının toplanması üzrə proqnoz 101% səviyyəsində icra olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR