Sovet İnformasiya Bürosunun (“SovİnformBüro”) sabiq baş redaktoru, diplomat, jurnalist Ənvər Məmmədov vəfat edib.
APA xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb.
Qeyd edək ki, Ənvər Məmmədov 1923-cü ildə Bakıda anadan olub. Bu il 15 avqustda 100 yaşını qeyd edən Ə. Məmmədov müxtəlif yüksək vəzifələrdə işləyib.
O, İkinci Dünya müharibəsində iştirak edib, Beynəlxalq tribunalın SSRİ hissəsinin tərkibində tərcümələr bürosunun rəis müavini kimi Nürnberq prosesində iştirak edib. Daha sonra Xarici İşlər komissarlığında müxtəlif vəzifələr tutub.
1950-ci illərdə Ə. Məmmədov SSRİ-nin ABŞ, İngiltərə və Latın Amerikasında yayım redaksiyasına rəhbərlik edib.
Sonra XİN sisteminə qayıdıb və SSRİ-nin Vaşinqtondakı səfirliyində müşavir kimi çalışıb.
1959-cu ildən Sovet İnformasiya Bürosunun (“SovİnformBüro”) baş redaktoru, 1961-ci ildən “Novosti” Mətbuat Agentliyinin (1991-ci ildə yenidən təşkil olunaraq “RİA Novosti” adlanıb) İdarə Heyəti sədrinin birinci müavini işləyib.
1962-1985-ci illərdə Dövlət Teleradiosu sədrinin birinci müavini postunu tutub.
1986-cı ildən “Novosti” Mətbuat Agentliyinin şərhçisi, daha sonra “RİA Novosti” agentliyinin baş redaktorunun məsləhətçisi olub.
Ə. Məmmədov 1953-cü ildə Moskva Dövlət Linqvistika Universitetini bitirib. İngilis, alman, italyan və fransız dillərini bilib.
Onun oğlu Georgi Məmmədov da diplomat olub.