Eldar Sultanov: “Rafiq Tağının ölümü ilə bağlı istintaqın dayandırılması barədə məlumatlar həqiqəti əks etdirmir”

Eldar Sultanov: “Rafiq Tağının ölümü ilə bağlı istintaqın dayandırılması barədə məlumatlar həqiqəti əks etdirmir”
# 08 noyabr 2012 14:27 (UTC +04:00)
Bunu APA-ya açıqlamasında Rafiq Tağının ailəsinin vəkili Elçin Sadıqov deyib.

E. Sadıqov istintaqın qeyri-obyektiv aparıldığını da bildirib: “Biz bir həftə öncə istintaqın nə yerdə olmasını öyrənmək məqsədilə prokurorluğa müraciət göndərmişik. Amma hələlik cavab almamışıq. Bu işi aparan müstəntiqlərin icraatına başqa cinayət işləri verilib. Eyni zamanda Rafiq Tağıya ölümündən əvvəl müəmmalı iynə vurulub. Biz həmin iynənin mənşəyi ilə bağlı müraciət etmişik. Lakin bizə cavab verilməyib”.

Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov isə vəkil Elçin Sadıqovun açıqlamasına münasibət bildirərək deyib ki, Elçin Sadıqov tərəfindən yayılan həmin məlumatlar cinayət işinin materialları ilə ziddiyyət təşkil edir: “Belə ki, Elçin Sadıqov tərəfindən bununla bağlı istintaqa hər hansı bir vəsatət təqdim edilməyib.
Lakin, bununla belə Rafiq Tağıyevin hüquqi varisi Mailə Tağıyeva və sonuncunun nümayəndəsi Elçin Sadıqov tərəfindən istintaqa daxil olmuş həyata keçirilməsi xahiş olunan ayrı-ayrı istintaq və prosessual hərəkətlərə dair vəsatətlərə cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən baxılaraq müvafiq qərarlar qəbul edilib ”.

Bundan başqa, Eldar Sultanov R.Tağının qətlinin üstünün açılması ilə bağlı istintaqın dayandırılması ilə bağlı xəbərlərin həqiqəti əks etdirmədiyini deyib.

Onun sözlərinə görə, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində qeyd edilən cinayət işi üzrə yaradılmış istintaq-əməliyyat qrupu tərəfindən cinayəti törətmiş şəxsin və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində müxtəlif fərziyyələr ətrafında zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir: “İstintaqın dayandırılması barədə yayılan informasiyalar həqiqəti əks etdirmir”.

Qeyd edək ki, Rafiq Tağı 2011-ci il noyabrın 19-da Bakıda, yaşadığı evin yaxınlığında bıçaqlanıb, noyabrın 23-də müalicə olunduğu Klinik Tibbi Mərkəzdə vəfat edib.

Bununla bağlı başlanan cinayət işi Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin icraatındadır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR