Mübariz Əhmədoğlu: “İranın işğal olunmuş ərazilərimizdəki fəaliyyəti xəyanətdir və BMT sanksiyalarına yol aça bilər”

Mübariz Əhmədoğlu: “İranın işğal olunmuş ərazilərimizdəki fəaliyyəti xəyanətdir və BMT sanksiyalarına yol aça bilər”
# 19 noyabr 2012 08:55 (UTC +04:00)

Bakı-APA. “İranın Azərbaycandakı səfirliyinin bu ölkənin Mehridə Ermənistana SES tikib hədiyyə etməsi ilə bağlı şərhə verdiyi cavab əslində İranın bu addımının Qarabağ məsələsində düşünülmüş xəyanətlərdən biri olduğunu sübut etdi. Ən azı diplomat deyə bilərdi ki, Mehri SES-in tikintisi Dağlıq Qarabağ məsələsində İranın mövqeyini dəyişməyib, İran Azərbaycanın ərazi bütövlüyünü tanıyır. İranın Bakıdakı diplomatları yalnız coğrafi cəhətdən Mehrinin Qarabağdan uzaq olmasına söykənərək mövqelərini ortalığa qoydular”. APA-nın məlumatına görə, bu fikirlər politoloq Mübariz Əhmədoğluna məxsusdur.

Onun sözlərinə görə, İranın Dağlıq Qarabağ haqqındakı mövqeyində son vaxtlar bir və ya iki dəfə Azərbaycanın lehinə bəyanat verilibsə, indi İran qatı ermənipərəstlik nümayiş etdirməklə bunun əvəzini çıxmaq istəyir: “Təkcə Mehri SES-in tikintisi deyil, əlavə baş verənlər də bunu deməyə əsas verir:

1) İlin sonunda ATƏT-in Xarici İşləri Nazirləri Şurasının iclası ərəfəsində İranın ermənilərə dəstəyi daha təsirlidir. Mehri SES-in tikintisini bu ərəfədə yalnız Ermənistana dəstək kimi dəyərləndirmək olar.

2) Fransa prezidentinin Ermənistan prezidentinə Dağlıq Qarabağı Azərbaycana qaytarmaq təklifi edəcəyi gözlənilən idi. İran bu addımı ilə Fransanın Azərbaycan torpağının işğaldan azad olunmasıına doğru yönəlmiş təşəbbüsünü neytrallaşdırdı. Məşhur yalançı və demaqoq Sərkisyan xristian dövlətinin prezidentinin qarşısına İran kimi müsəlman, şiə dövlətinin Qarabağı işğalda saxlamaq məqsədilə Ermənistana yardım etməsi arqumentini qoydu. İran Mehri SES-in tikintisinə başlamaqla əvvəlcədən aralarında razılaşdırılmış 751 milyon dollarlıq birgə iqtisadi layihələri reallaşdırmağın startını verdi. İran bu pulu verdi ki, Ermənistan Qarabağı Azərbaycana qaytarmasın. Ermənistanda ümid edirlər ki, yaxınlarda bu niyyətlə İrandan alacaqları pulu 1 milyard dollara çatdıracaqlar. Erməni mətbuatının yazdığına görə Fransua Olland Qarabağı Azərbaycana qaytarmağın əvəzində Ermənistana AES tikintisi üçün 1 milyard avro kredit söz verib, Serj Sərkisyan isə imtina edib.

3) Ermənistan prezidenti Serj Sərkisyan Fransa prezidenti Fransua Ollanda İran prezidentinin müraciətini çatdırdı. Bu barədə Fransua Olland mətbuat konfransında məlumat verdi. Əhmədinecadın müraciətinin mətni açıqlanmır. Bu, Əhmədinecadın Serj Sərkisyandan asılı olduğunu göstərir.

4) Cəbrayıl rayonu ərazisində İran və Ermənistan birlikdə zeytun bağı salmaq istəyirlər. Ermənistanın rəsmi mətbuatının yazdığına görə bu barədə iranlı və erməni mütəxəssisləri Cəbrayıl rayonunda birgə tədqiqat aparıb belə qərara gəlmişlər. İran mütəxəssislərinin Ermənistan mütəxəssisləri ilə birlikdə Cəbrayıl rayonu ərazisində tədqiqat işi aparması beynəlxalq hüquqa ziddir və cinayət əməlidir. Azərbaycan bu məsələni BMT Təhlükəsizlik Şurasında qaldırıb İrana qarşı sanksiya tətbiqinə nail ola bilər, buna tam ixtiyarı var. Erməni mütəxəssislərini İranın üzünə durmağa məcbur edən qüvvə tapılar. İranlı mütəxəssislər Azərbaycanın işğal olunmuş ərazisində nə iş görüb və o əraziyə getmək üçün icazəni kimdən alıb?! Cəbrayıl rayonu İran üçün aktuallaşıbsa Ramil Səfərovun öz doğma rayonuna səfərini təşkil etsəydi, daha islami olardı.

5) İranın Dağlıq Qarabağda kənd təsərrüfatı sektorunun inkişafında iştirakı çoxdan bəllidir. İran Dağlıq Qarabağa birbaşa ucuz qiymətə kombayn, traktor və bunların ehtiyat hissələrini, o cümlədən gübrələr satır, bəzi məhsulları baha qiymətə alır. İndi İranın vəsaiti hesabına Dağlıq Qarabağda 3-5 milyonluq qoyunçuluq təsərrüfatı yaradılır. Bu Dağlıq Qarabağ üçün hədsiz böyük stimuldur.

6) İranın mədəniyyət və islami təbliğat naziri Hüseyni Ermənistanın mədəniyyət naziri Poqosyanla İranda görüşdü və ona bəzi dövlətlərin İran-Ermənistan münasibətlərinin yaxınlaşmasından narahat olduğunu şəstlə bildirdi. Seyid olasan, ölkənin din üzrə təbliğat idarəsinə başçılıq edəsən, digər tərəfdən erməni qadınına şiə Azərbaycandan şikayət edəsən və ya qeybət qırasan. İranın mədəniyyət və islami təbliğat naziri Bakıda Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsilə bağlı verdiyi bəyanatları yadına salsa idi daha yaxşı olardı. Bu ərəfədə İranda təbliğat məqsədilə “şiəliyin geosiyasəti” adlı tədbir keçirildi. Görünür, şiəliyin geosiyasəti də Azərbaycan torpaqlarının işğalda qalmasını ehtiva edir.

7) İranın təkcə Ermənistanla həmsərhəd regionları deyil, digər regionları da Ermənistanla əməkdaşlığa təhrik edilir. Bu kontekstdə Mazandaranla Ermənistan arasındakı işbirliyi xüsusi diqqət çəkir. Əhmədinecadın özünün və onun komandasının aparıcı adamlarının bağlı olduğu regionlar Ermənistanla əlaqələrə daha xüsusi münasibət göstərməyə başlayıblar.

8) Xudafərində SES tikintisindən xəbərimiz var. İranın ermənipərəst siyasəti və bu proyektlə bağlı mövqeyini aydınlaşdırmaması Azərbaycanın indiki mövqeyinə səbəb oldu. Mehri SES-i Mehridə yaşayan ermənilər tikəcəklər, pulu İran verəcək, işə nəzarəti İran və Ermənistan mütəxəssislərinin birgə qrupu reallaşdıracaq. Xudafərindəki SES-in tikintisində işləyən azərbaycanlıları həmin ərazilərə qaytarmaqla bağlı İran təklifini ortalığa qoysa, Azərbaycan maliyyələşməni öz üzərinə götürə bilər. İran Xudafərin SES-lə bağlı təklifini detallı şəkildə aydınlaşdırıb mətbuatda dərc etsin”.

Politoloq bildirib ki, yalan və şər İranın ən yaxşı bacardıqlarıdır: “Yaxşıdır ki, yalana və şərə pul vermirlər. Bu halda dünyada hamıdan varlı dövlət İran olardı. İran bir tərəfdən Azərbaycandan müsəlmançılıq gözləyir, digər tərəfdən islamın pis olduğunu sübut etməyə cəhdlər edir. Digər tərəfdən özü xristian Ermənistana ağlagəlməz yardımlar edir. Hər halda SES-in tikintisi üçün ayrılmış 350 milyon dollara Tehran kimi meqapolisdə metro probleminin bir hissəsini həll etmək olardı. İranın indiki rəhbərliyinin fikrincə, o millət ki müsəlmandır o pisdir və zülmə məruz qalmalıdır. Ona görə əhalisini ac saxlayıb Ermənistana pul ayırır.

İran Azərbaycana sübut etməyə çalışır ki, onun Ermənistanla əlaqələrinin Qarabağla əlaqəsi yoxdur. Qarabağ məsələsinə bir başa aidiyyəti var. Lakin o da aydındır ki, İranın indiki hökuməti müsəlmançılığa, Azərbaycana qarşı mübarizə apara-apara özləri pis vəziyyətə düşüblər.

Əhmədinecad hökumətinin Ermənistan vasitəsilə xaricdə sığınacaq axtarması və ya mollaları devirməkdən ötrü yardım almasının bizə qətiyyən dəxli yoxdur. İndiki ağır dövrdə dünyada inkişaf edən 10-15 dövlət varsa onun biri Azərbaycandır. İran və Ermənistan ikisi birlikdə geriləyirlər. Eləcə də çox sürətlə geriləyən 10-15 dövlətin sırasındadırlar. İran tarixində bəlkə də ən şərəfsiz dövr yaşanır. Bütün müsəlman dövlətlərinə düşmənçilik elan etmiş İran indi hətta öz xalqına da düşmənçilik edir. Yeganə xilaskar qismində xristian Ermənistanını görür.

ƏhmədinecaD Azərbaycanın işğal olunmuş ərazilərində və ona yaxın yerlərdə iqtisadi aktivlik adı ilə Qərbdən Ermənistan vasitəsilə gələn yardımları gizlədə bilər.

Əhmədinecad həqiqətən ölkədən qaçmaq və ya dindarları devirmək barədə ciddi düşünür. Buna görə iranlıların ali dini lideri Xameneyinin mənsub olduğu milləti təhqir edir və onlara qarşı təhdid irəli sürür.

Həm də bu səbəbdən qışın qapını kəsdirməsinə baxmayaraq zəlzələ bölgəsindəki azərbaycanlılara yardım etməyən İran prezidenti Ermənistana kredit tranşı açır.

İranın son illərdəki bütün bəlalarının səbəbkarı Əhmədinecad və onun komandasının apardığı siyasətdir. Lakin buna dini lider də məsuliyyət daşıyır. Çünki Əhmədinecadı hakimiyyətə gətirən də, müdafiə edən də iranlıların ali dini lideridir.

Əhmədinecada və onun komandasına həbsxanaları abadlaşdırmağı və bəzi şüşə, rezin və metal məmulatların həbsxanalara girişini qadağan etməsini məsləhət görərdik. 2008-ci ilin prezident seçkilərindən sonra İran dövlətçiliyi uğrunda vuruşan, şəhid verən ailələrin, nəsillərin başına açdığı oyun onun da komandasının başına gələcək. Qərbin isə Əhmədinecadla problemi yoxdur. Çünki nəniki Əhmədinecadın, eləcə də İranın bütün rəhbərliyinin davranış reaksiyaları Qərbə bəllidir. Tərslik, savadsızlıq və kəmağıllılıq fonunda Qərbin İrandan özünə sərf edən addımı alması elə də mürəkkəb məsələ deyil”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR