Novruz Məmmədov: “2012-ci il Azərbaycanın inkişaf xəttinin zirvəsi olub”

Novruz Məmmədov: “2012-ci il Azərbaycanın inkişaf xəttinin zirvəsi olub”
# 25 dekabr 2012 15:25 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. “2012-ci ildə baş verən hadisələr bir daha göstərdi ki, Azərbaycan beynəlxalq münasibətlər sistemində fəal rol oynayır”. APA-nın məlumatına görə, bunu Azərbaycanın Prezident Administrasiyasının rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov YAP-ın saytına müsahibəsində deyib.

N. Məmmədovun fikrincə, bu il Azərbaycanın inkişaf xəttinin zirvəsi olub: “2003-cü ildən başlayaraq, Azərbaycan yeni keyfiyyətdə bütün prosesləri inkişaf etdirib. Bütün bunların hamısı, ümumilikdə götürdükdə Azərbaycan xalqının həyatında, daxili və xarici siyasətdə, keçdiyi yolda, həyata keçirdiyi layihələrdə özünün təsdiqini tapdı. Bu nöqteyi-nəzərdən 2012-ci il demək olar ki, bu inkişaf xəttinin zirvəsidir. Bu illər ərzində Azərbaycan həm daxili, həm də xarici siyasətində, təkcə region üçün deyil, o cümlədən beynəlxalq aləm üçün daim güclənən, reytinqini gücləndirən, nüfuzunu artıran dövlət olub.

Azərbaycanın inkişafı beynəlxalq reytinq agentliklərinin verdikləri qiymətləri nəzərə alsaq, birinci yerdədir. 2012-ci il də əvvəlki illər kimi bu hadisələrlə zəngindir. Bu gün Cənubi Qafqaz regionunda elə bir layihə, elə bir hadisə yoxdur ki, Azərbaycan orada iştirak etməsin.

Azərbaycanın razılığı, təşəbbüsü olmadan regionda heç bir layihə reallaşdırıla bilməz. 2012-ci ildə baş verən hadisələr bir daha göstərdi ki, Azərbaycan beynəlxalq münasibətlər sistemində fəal rol oynayır. Bu da təbiidir. Çünki Azərbaycanın kifayət qədər gücü, qüdrəti, imkanı var, digər tərəfdən dünya dövlətləri də Azərbaycana böyük etimad göstərir. Ona görə də, düşünürəm ki, Azərbaycan 2012-ci ildə qarşıya qoyduğu bütün planları reallaşdırdı. Bunu həm ölkənin sürətli iqtisadi inkişafında, sosial sferada baş verən müsbət dəyişikliklərdə, həm də xarici əlaqələrinin, beynəlxalq ictimaiyyətlə əməkdaşlığının güclənməsində görmək mümkündür”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR