AMEA Gənclərin İntellektual İnkişaf Mərkəzi: “Dövlətin elmə ayırdığı vəsaiti artırmasına böyük ehtiyac var”

AMEA Gənclərin İntellektual İnkişaf Mərkəzi: “Dövlətin elmə ayırdığı vəsaiti artırmasına böyük ehtiyac var”
# 12 dekabr 2012 14:39 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva – APA. “Azərbaycan Milli Elmlər Akademiyasının 10 min əməkdaşından 2500-ə yaxını gənclərdir. AMEA-nın gənc əməkdaşlarının yalnız 200 nəfəri gənc alimlərdir. Bu, çox aşağı göstəricidir”. Bunu APA-ya AMEA-nın Gənclərin İntellektual İnkişaf Mərkəzinin rəhbəri İlqar Orucov deyib. Onun sözlərinə görə, Azərbaycanda alimlərin orta yaş həddi və elmdə qocalma tendensiyası ilə bağlı artıq neçə ildir ki, həyəcan təbili çalınır: “Elmin inkişafı ilə bağlı Milli Strategiya” və Dövlət Proqramı hazırlanarkən də göstərilib ki, Azərbaycanda alimlərin orta yaş həddi kifayət qədər yüksəkdir. Elmdə qocalma tendensiyası çox zərərlidir. Belə çıxır ki, gələcəkdə yaşlı alimləri əvəz edəcək kadrlar olmayacaq və nəsillər arasında böyük bir uçurum yaranacaq. Bunun əsas səbəbi elmə ayrılan dövlət vəsaitinin azlığı ilə bağlıdır. İnkişaf etmiş ölkələrdə elmə Ümumi Daxili Məhsulun (ÜDM) ən azı 2 faizi ayrılır. Azərbaycanda isə bu göstərici 0,6 faiz civarındadır. Dünyada belə bir yanaşma var ki, əgər ÜDM-in 2 faizi elmə ayrılmırsa, o ölkədə elmin inkişafından danışmaq mümkün deyil. Dövlətin elmə ayırdığı vəsaiti artırmasına böyük ehtiyac var. AMEA işçilərinin sosial rifahının yaxşılaşması məsələsində ləngimələr var. Nəticədə gənclər elmə gəlmirlər”.

İ. Orucov qeyd edib ki, ölkədə gənclərin elmə gəlməsini stimullaşdırmaq istiqamətində ciddi addımlar atılmalı və gənc alimlərlə bağlı xüsusi Dövlət Proqramı qəbul edilməlidir: “Elmlə məşğul olan insanların maddi vəziyyətinin yaxşılaşdırılması ilə bağlı ciddi və kəskin formada islahatlara ehtiyac var. Hazırda fəlsəfə doktorlarının rütbə maaşı 30 manat, elmlər doktorlarının rütbə maaşları isə 50 manatdır. Bu, stiumullaşdırıcı məbləğ deyil. Bu rütbə maaşları 300 və 500 manat olmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR