İraqın səhiyyə mütəxəssisləri Azərbaycanın penitensiar sistemindəki mövcud vəziyyətlə tanış olub

İraqın səhiyyə mütəxəssisləri Azərbaycanın penitensiar sistemindəki mövcud vəziyyətlə tanış olub
# 20 dekabr 2012 16:29 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Dekabrın 18-20-də İraqdan bir qrup səhiyyə mütəxəssisi Azərbaycanda səfərdə olub. Bu barədə APA-ya Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) İraqda vərəmə və SPİD-ə qarşı mübarizə şöbəsinin nümayəndəsi Sevil Hüseynova məlumat verib.

Azərbaycandakı penitensiar sistemdə vərəmə qarşı mübarizə və müalicə tədbirlərinin necə qurulması, təşkilatı məsələlərlə tanışlıq məqsədilə ölkəmizə səfər edən 6 nəfərlik nümayəndə heyəti Azərbaycanda Penitensiar Xidmətin səhiyyə sahəsində olan təcrübə ilə tanış olub. S.Hüseynovanın sözlərinə görə, səfər İraqın Azərbaycandakı səfirliyi, Azərbaycanın İordaniyadakı səfirliyi, hər iki ölkənin Xarici İşlər nazirlikləri və ÜST-nin birgə təşkilatçılığı ilə baş tutub: “Səfərin ilk günündə Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi Rəfael Mehdiyevlə görüş keçirilib. Növbəti gün qonaqlar ixtisaslaşmış vərəm mərkəzində olub. Burada vərəmli xəstələrin necə müalicə və müayinə olunması izlənilib. Bu gün isə 11 və 15 saylı saxlama təcridxanalarında tibbi işin necə qurulmasına baxılıb”.

S.Hüseynova qeyd edib ki, penitensiar sistemdə vərəmə qaşı mübarizə beynəlxalq təşkilatlar, xüsusilə ÜST tərəfindən çox dəstəklənir. Onun sözlərinə görə, Azərbaycanın bu sahədə gördüyü işlər digər dünya ölkələrinə model təqdim olunur: “Vərəmə qarşı mübarizə Azərbaycanın penitensiar meəssiələrində yüksək səviyyədə aparılır. Səfərin sonunda qərara gəlindi ki, Azərbaycan Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi və İraq səhiyyə mütəxəssisləri arasındakı münasibətlər davam etdirilsin. Bundan sonra iki tərəf arasında təlimlərin keçirilməsinə üstünlük veriləcək. Lakin bu məsələ Azərbaycan və İraq hökuməti ilə razılaşdırılmalıdır. Qarşılıqlı təlimlər nəticəsində ölkələr arasında penitensiar sistemdəki mövcud vəziyyət araşdırılacaq və Azərbaycanın modeli nümunə kimi onlara təqdim ediləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR