Azərbaycanda binaların enerji itkilərinin azaldılması müzakirə olunub - FOTO

Azərbaycanda binaların enerji itkilərinin azaldılması müzakirə olunub   - <span style="color: red;">FOTO
# 21 noyabr 2012 15:41 (UTC +04:00)

Bakı. Əli Əhmədov - APA-Economics. Bu gün Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Şirkətində «Azərbaycan binalarında enerji effektivliyi: texniki yardım və kadr potensialının inkişafı» layihəsinə həsr olunmuş informasiya seminarı və təqdimat keçirilib.

«APA-Economics»in məlumatına görə, adı çəkilən layihə Norveç Xarici İşlər Nazirliyinin dəstəyi ilə 2011-ci ildən etibarən həyata keçirilir. Layihənin əsas məqsədi yerli kadrların hazırlanması və normativ hüquqi bazanın inkişafı yolu ilə Azərbaycanın binalarında enerji effektivliyinin artırılmasıdır. Seminarda layihə çərçivəsində bu sahədə Azərbaycanda aparılan araşdırmalarla yanaşı, Qərbi Avropa ölkələrində bu sahədəki vəziyyət, binaların enerji effektivliyinin artırılması və enerji itkilərinin azaldılması sahəsində görülən işlər, tətbiq olunan normativlər və üsullar barədə təqdimatlar keçirilib.

Tədbirdə bildirilib ki, araşdırmalara əsasən, Azərbaycanda istehlak edilən elektrik enerjisinin 50%-i binaların (yaşayış, ictimai, kommersiya) qızdırılmasına sərf edilir. İlkin tədqiqatlar göstərib ki, Norveçdə iqlim Azərbaycandan soyuq olmasına baxmayaraq, hər iki ölkədə binaların qızdırılması üçün təqribən eyni həcmdə enerji sərf edilir. Bu isə ölkədə enerji effektivliyinin artırılması sahəsində böyük potensialın olduğunu göstərir.

Seminarda qeyd edilib ki, binaların qızdırılması üçün enerji istehlakını və enerji xərclərini aşağı salmaq üçün enerji effektivliyini təmin edən tədbirlər görülməlidir. O cümlədən bu sahədə yeni texnologiyalar və materiallar tətbiq edilməli, eləcə də yerli mütəxəssislər hazırlanmalıdır.

3 il ərzində reallaşdırılacaq «Azərbaycan binalarında enerji effektivliyi: texniki yardım və kadr potensialının inkişafı» layihəsi çərçivəsində yerli kadrların hazırlanmasına başlanıb. Norveçin «ENSI» və «NorskEnergi» şirkətlərinin təşkilatçılığı ilə yerli mütəxəssislərə bu sahədə müvafiq treninqlər keçilib və onlar enerji auditorları sertifikatları alıblar. Gələcəkdə bu mütəxəssislər Azərbaycanda yerli kadrların hazırlanmasına cəlb olunacaq.

Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Şirkətinin sədri Akim Bədəlov bildirib ki, Azərbaycandakı binaların əksəriyyəti köhnə standartlar əsasında tikilib: «Doğrudur, son vaxtlar yeni tikililərin sayı sürətlə artır, amma ümumilikdə respublikada köhnə tikililər 90% təşkil edir və bu evlərdə enerji itkisi, xüsusilə də istilik enerjisi itkisi həddən artıqdır».

A.Bədəlov bildirib ki, hazırda istifadə olunan tikinti normaları enerji effektivliyi baxımından müasir tələblərə cavab vermir: “Biz bu normativ aktları dəyişməli, binaların layihələndirilməsində və tikintisində yeni normalardan istifadə etməliyik. Burada dəyişiklik olunması məsələlər çoxdur, yeni izolyasiya sistemləri, yeni rənglər və kompozit materiallar yaranır. Yeni normativlərin qəbulu və tikinti materiallarının tətbiqi enerji itkilərini azı 50% azaltmağa imkan verəcək. Enerji effektivliyinin artırılması üçün yeni standartların və müasir tikinti materiallarının tətbiqi tikinti xərclərini 10%-dək artıra bilər. Əvəzində bu binalarda enerji itkisinin kəskin azalması böyük fayda gətirəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR