Prezident İlham Əliyev: «Azərbaycan öz ərazi bütövlüyünü istənilən yolla bərpa edəcək»

Prezident İlham Əliyev: «Azərbaycan öz ərazi bütövlüyünü istənilən yolla bərpa edəcək»
# 24 dekabr 2012 20:12 (UTC +04:00)

Bakı-APA. «Ölkə qarşısında duran əsas məsələ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsidir və əfsuslar olsun ki, bu məsələ hələ ki öz həllini tapmır». Azərbaycan prezidenti İlham Əliyev Sumqayıtdakı Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa olunmuş yeni yaşayış binasının açılış mərasimində bu fikirləri işlədib.

Prezident bildirib ki, uzun illərdir ki, azərbaycanlılara qarşı soyqırımı siyasəti həyata keçirilir: «Xocalı soyqırımı artıq üç ölkə tərəfindən rəsmi qaydada soyqırımı kimi tanınıb. Əminəm ki, bu ölkələrin sayı getdikcə artacaq. Azərbaycanın haqq işi bütün beynəlxalq təşkilatların qətnamələri, qərarları ilə təsdiqlənir. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi, digər beynəlxalq təşkilatların qərarları, qətnamələri vardır ki, işğalçı erməni qüvvələri bizim torpaqlarımızdan geri çəkilsin. Ancaq Ermənistan beynəlxalq hüquq normalarına məhəl qoymur və hələ ki, torpaqlarımız işğal altındadır. Məsələnin həlli ilə bağlı Azərbaycanın prinsipial mövqeyində heç bir dəyişiklik yoxdur, ola da bilməz. Bizim mövqeyimiz tarixi ədalətə və beynəlxalq hüquq normalarına əsaslanır».

«Tarixi ədalət ondan ibarətdir ki, Dağlıq Qarabağ bizim əzəli torpağımızdır» deyən prezident bugünkü Ermənistan Respublikasının tarixi Azərbaycan torpaqlarında yarandığını vurğulayıb. «Bu, tarixi sənəddir ki, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin ilk qərarlarından biri də İrəvanı Ermənistana paytaxt şəhəri kimi vermək haqqında qəbul edilmiş qərar idi. Bu qərar haqqında mən fikirlərimi dəfələrlə bildirmişdim. Bu gün də demək istəyirəm ki, bu, böyük səhv və böyük cinayət idi. Ancaq bu, tarixi həqiqətdir. İrəvan xanlığı bizim tarixi torpağımızdır. Azərbaycanın tarixi torpaqlarında bir dəfə qondarma erməni dövləti yaradıldı, keçən əsrin əvvəllərində. Bu zəmanədə, indiki şəraitdə ikinci qondarma erməni dövlətinin Azərbaycanın tarixi torpaqlarında yaradılmasına biz heç vaxt imkan verə bilmərik. Bu, heç vaxt olmayacaq.

Çünki dünya birliyi Dağlıq Qarabağı müstəqil qurum kimi tanımır və tanımayacaq. Heç bir ölkə Dağlıq Qarabağı tanımır və bu qondarma, kriminal rejim tərəfindən idarə edilən bir qurum sadəcə olaraq qanunsuz şəkildə fəaliyyət göstərir. Bu qurumun gələcəyi yoxdur, nə hüquqi baxımdan, nə də siyasi və iqtisadi baxımdan.

Çünki bu gün Azərbaycan bölgə məsələlərinin həllində həlledici sözə sahib olan bir ölkədir. Azərbaycanın imkanları, potensialı, ordumuzun gücü və siyasi çəkimiz artır. Bu gün Azərbaycan dünya məsələlərinin həllində öz rolunu oynayır, dünyanın bir nömrəli qurumu olan BMT Təhlükəsizlik Şurasının üzvüdür və bu ilin may ayında bu quruma rəhbərlik etmiş, dünyada gedən bütün məsələlərlə bağlı öz prinsipial və qətiyyətli mövqeyini bildirib».

Prezidentin fikrincə, Dağlıq Qarabağ məsələsinin həllində vasitəçilər daha da fəal olmalıdırlar.

«İşğalçı dövlətə çox ciddi siqnal verilməlidir ki, işğal edilmiş torpaqlardan çıxsın. Beynəlxalq hüquq normalarını pozmaq olmaz. Ancaq əfsuslar olsun ki, biz belə siqnalları görmürük. Daha çox balanslaşmış ifadələr eşidirik. Əlbəttə, işğalçı dövlət - Ermənistan indiki vəziyyəti, status-kvonu dondurmaq istəyir. Ancaq bu, mümkün olmayacaq. Ona görə yox ki, beynəlxalq qurumlar onlara təsir göstərəcək. Biz buna o qədər də çox böyük ümid bəsləmirik. Biz öz gücümüzə arxalanırıq. Bütün məsələlərdə, iqtisadi-siyasi məsələlərdə olduğu kimi, bu məsələdə də öz gücümüzə, Azərbaycan xalqının iradəsinə və Azərbaycan Ordusunun gücünə güvənirik. Vaxt gələcək Azərbaycan öz ərazi bütövlüyünü istənilən yolla bərpa edəcək. Həm tarixi ədalət, həm beynəlxalq hüquq normaları bu haqqı tanıyır», deyə prezident Əliyev bəyan edib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR