Asiya İnkişaf Bankı «Azərsu» üçün «Twinning» layihəsi hazırlayıb

Asiya İnkişaf Bankı «Azərsu» üçün «Twinning» layihəsi hazırlayıb
# 13 dekabr 2012 16:45 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Asiya İnkişaf Bankı (AİB) Azərbaycanda «Su təchizatı və kanalizasiya sistemi üçün İnvestisiya Proqramı» çərçivəsində «Azərsu» ASC üçün «Twinning» layihəsi hazırlayıb. «APA-Economics»in məlumatına görə, bunu AİB-in Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri Olli Noroyono bildirib.

Onun sözlərinə görə, «Azərsu» ASC üçün nəzərdə tutulmuş «Twinning» layihəsinin icrasına 2013-cü ildə başlanacaq və bu layihə «Su təchizatı və kanalizasiya sistemi üçün İnvestisiya Proqramı» ilə birgə başa çatacaq. Bank rəsmisi əlavə edib ki, «Twinning» layihəsi «Su təchizatı və kanalizasiya sistemi üçün İnvestisiya Proqramı» çərçivəsində istismar, texniki xidmət və maliyyə nəzarəti kimi aspektləri özündə birləşdirir: «Bu layihə «Azərsu» üçün çox vacibdir. Belə ki, onlar bundan maksimum yararlanacaq».

Qeyd edək ki, «Su təchizatı və kanalizasiya sistemi üçün İnvestisiya Proqramı» çərçivəsində Ağdaş, Göyçay, Naxçıvan, Beyləqan, Balakən və Ağcabədidə su təchizatı və kanalizasiya-sanitariya xidmətlərinin keyfiyyət və etibarlılığı təmin olunacaq. Proqram çərçivəsində Azərbaycan hökumətinə 600 mln. dollar həcmində vəsaitin ayrılması nəzərdə tutulub ki, bundan 375 mln. dolların ayrılması artıq təsdiqlənib. İlk tranş 75 mln. (Naxçıvan, Göyçay, Ağdaş), ikinci tranş 300 mln. dollar təşkil edir. Bunun 130 mln-u Naxçıvan, 170 mln-u isə Göyçay, Ağdaş və Beyləqan rayonları üçün nəzərdə tutulub. Üçüncü tranşın məbləğinin 150 mln. dollar olacağı gözlənilir: Hazırda «Azərsu» ASC ilə danışıqlar aparılır. Üçüncü tranşın Balakən və Ağcabədi rayonları üçün ayrılması planlaşdırılır. Qalan hissənin (75 mln. dollar) isə Azərbaycan tərəfinə yeni, dördüncü tranş qismində ayrılacağı istisna olunmur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR