Müsavat Partiyası Divanının toplantısı keçirilib

Müsavat Partiyası Divanının toplantısı keçirilib
# 19 noyabr 2012 15:46 (UTC +04:00)

Bakı. Ramil Məmmədli-APA. Bu gün Müsavat Partiyası Divanının toplantısı keçirilib.

Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda qurumun Gəncə, Ağcabədi və Mingəçevirdə keçirilən zona müşavirələri barədə məlumat verilib. Daha sonra Müsavat Partiyasının həbsdə olan üzvü Nigar Yaqublunu hüquqlarını müdafiə komitəsi təmsilçilərinin ABŞ səfirliyində keçirdiyi görüş haqda açıqlama veriblər. Komitə üzvləri bildirib ki, ABŞ diplomatları tərəfindən komitə sədrinə N. Yaqublunun məsələsinin nəzarətdə saxlandığı deyilib. Müdafiə komitəsinin üzvləri Norveç və Böyük Britaniyanın Azərbaycandakı səfirliklərində də görüşlərinin keçirilməsini planlaşdırdıqlarını söyləyiblər.

İctimai-siyasi məsələlərin müzakirəsi zamanı öncə 17 noyabr aksiyası müzakirə olunub. Divan parlamentin buraxılmasını tələb edən etiraz aksiyasını müsbət qiymətləndirib, həbs olunanların azad edilməsini tələb edib. Daha sonra Müsavat Partiyasının 10 dekabr - Beynəlxalq İnsan Haqları Günündə aksiya keçirilməsi qərarı barədə müzakirə aparılıb, aksiyaya hazırlıqla bağlı müvafiq tapşırıqlar verilib.

Divanda keçmiş Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayev tərəfindən yayılan növbəti video və kinorejissor Rüstəm İbrahimbəyov ətrafında yaranmış vəziyyət də müzakirə olunub.

İclasda daha sonra İsrail-Fələstin arasında yeni hərbi qarşıdurmanın başlanmasından və dinc insanların həlak olmasından narahatlıq ifadə edilib. Divan tərəfləri və beynəlxalq təşkilatları münaqişəyə son qoyub məsələnin sivil yolla tənzimləməyə və tələfatlarla nəticələnən güc istifadəsinə son qoymağa çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR