Azərbaycanda «İcbari sığortalar haqqında» qanuna təklif olunan dəyişikliklər Prezident Administrasiyasına təqdim edilib

Azərbaycanda «İcbari sığortalar haqqında» qanuna təklif olunan dəyişikliklər Prezident Administrasiyasına təqdim edilib
# 07 dekabr 2012 09:55 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda «İcbari sığortalar haqqında» qanuna dəyişikliklər edilməsi ilə bağlı təkliflər Prezident Administrasiyasına göndərilib. «APA-Economics»in xəbər verdiyi kimi, bunu Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilov bildirib.

Dəyişikliklər əsasən iki məsələni əhatə edir. İlk növbədə söhbət İcbari Sığorta Bürosuna aid olan 4 sığorta növünün vahid informasiya sisteminə daxil edilməsindən gedir. Hazırda bu sistem yalnız avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortasını əhatə edir ki, bura həmçinin «Daşınmaz əmlakın icbari sığortası», «Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin sığortası» və «Sərnişinlərin icbari fərdi sığortası»nın daxil edilməsi təklif olunur. N.Xəlilovun sözlərinə görə, Büro isə öz tərəfindən bu prosesin texniki məsələlərini həll edir.

Qeyd edilir ki, icbari sığorta növlərinin vahid informasiya sisteminə daxil edilməsi bu sahənin təkmilləşdirməsinə, məlumatların təhlili, operativ təsir etmə, ödənişlər və kompensasiyaların verilməsinə dəstək olacaq.

Qanuna ikinci dəyişiklik isə «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta» növünün də İcbari Sığorta Bürosuna aid edilməsi ilə bağlıdır. N.Xəlilovun sözlərinə görə, bu, həmin sığorta növü üzrə müəyyən zəmanət yaradacaq, çünki Büro ödənişlər üzrə qarant kimi çıxış edir.

N.Xəlilovun fikrincə, dəyişikliklər artıq 2013-cü ilin yaz aylarında qəbul oluna bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR