Ermənistan Boks Federasiyası: Azərbaycan boksçularının təhlükəsizliyinə daha çox diqqət ayrılacaq

Ermənistan Boks Federasiyası: Azərbaycan boksçularının təhlükəsizliyinə daha çox diqqət ayrılacaq
# 26 noyabr 2012 14:29 (UTC +04:00)

Apasport.az saytının məlumatına görə, bu gün mundialla bağlı mətbuat konfransı təşkil edən Ermənistan Boks Federasiyasının vitse-prezidenti Derenik Qabrielyan təhlükəsizlik məsələlərinə də toxunub.

O bildirib ki, dünya çempionatına qatılan bütün iştirakçıların təhlükəsizliyi təmin olunacaq: “Biz yarışda mübarizə aparacaq 620 idmançının hamısının təhlükəsizliyini təmin edəcəyik. Azərbaycan nümayəndə heyətinə isə daha çox diqqət ayrılacaq. Bu ölkənin idmançıları cüdo üzrə Avropa çempionatı zamanı da Ermənistana gəlmişdi. Onda da hər şey qaydasında oldu. Elə bizim yığma da Azərbaycanda olarkən təhlükəsizliyimiz üçün bütün tədbirlər görülmüşdü”.

D. Qabrielyan yığmamızın təhlükəsizliyi ilə bağlı detalları da açıqlayıb: “Biz bu ölkənin tələbini nəzərə alaraq, onların boksçularının bütün komandalardan ayrı qalmalarını təmin etmişik. Onlarla ünsiyyət qurmaq da mümkün olmayacaq. Azərbaycan nümayəndə heyəti 12 nəfərdən ibarətdir. İdmançılardan başqa, həkim və məşqçilər buraya daxildir. Hər hansı problemin olacağını düşünmürəm”.

68 ölkənin qatılacağı dünya çempionatına Azərbaycan nümayəndə heyəti bu gün yollanacaq. İdmançılarımız Ermənistana Gürcüstandan xüsusi reyslə gedəcəklər.

Qeyd edək ki, dünya çempionatı noyabrın 29-dan dekabrın 7-dək Karen Dəmirçiyan adına İdman-Konsert Kompleksində keçiriləcək.

Açılış mərasimi bir gün öncə baş tutacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR