Azərbaycanda sosial müavinət və ünvanlı sosial yardımların məbləği artırılacaq

Azərbaycanda sosial müavinət və ünvanlı sosial yardımların məbləği artırılacaq
# 05 dekabr 2012 08:29 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Gələn ildən Azərbaycanda sosial müavinət və ünvanlı sosial yardımların məbləği artırılacaq. APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov deyib.

O bildirib ki, Milli Məclis tərəfindən təsdiqlənən gələn ilin büdcə paketində ilkin ehtiyac meyarı 93 manatdan başlayaraq müəyyənləşdirilib: “Bu da ünvanlı sosial yardımın məbləğinin artırılmasına və onu alanların sayının genişlənməsinə təsir göstərəcək. Əgər bu gün sosial yardımın orta məbləği 100-110 manatdırsa, gələn ildən bu məbləğ 120-130 manata qalxacaq. Bu gün 130 min ailə ünvanlı sosial yardım alır”.

İ.Rəhimov qeyd edib ki, gələn il digər ödənişlər kimi, sosial müavinətlərin də indeksləşdirilməsi və artırılması nəzərdə tutulur: “Sosial müavinətlərin bu gün 45 manat məbləğində olması onun orta məbləğidir. Sosial müavinət alanların bir çoxu 80-100 manat məbləğində də alırlar. Bundan əlavə, Azərbaycanda ünvanlı sosial yardım da mövcuddur. Az məbləğdə sosial müavinət alan insanlara əlavə ünvanlı sosial yardımlar vermək imkanı var”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR