Bakı Dövlət Universitetinin professoru, görkəmli tədqiqatçı Şirməmməd Hüseynovun "Azərbaycan" qəzetində parlament hesabatları və şərhlər (noyabr 1918 - aprel 1920)” adlı kitabının III cildinin təqdimat mərasimi keçirilib.
APA-nın xəbərinə görə, akademik, millət vəkili Rafael Hüseynov kitab barədə tədbir iştirakçılarına məlumat verib: “Bu kitablarda mənfi və müsbət qəhrəmanların - Əliheydər Qarayevin də, Məhəmməd Əmin Rəsulzadənin də səsləri eşidilir. Qurucu babalarımız olmasa idi, bu gün müstəqil Azərbaycan dövləti olmayacaqdı. Bu kitabların təməlində Şirməmməd Hüseynovun Azərbaycan tarixinə olan sevgisi, eşqi dayanır. "Azərbaycan qəzetində parlament hesabatları və şərhlər” son dərəcə ciddi mətnşünaslıq abidəsidir".
Akademik Azərbaycan cümhuriyyəti parlamentinin stenoqramlarının o zaman böyük yazıçı Cəfər Cabbarlı tərəfindən qələmə alındığını diqqətə çatdırıb.
Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov bildirib ki, bu, Şirməmməd Hüseynovun Azərbaycan cümhuriyyəti ilə bağlı ilk kitabı deyil: "Şirməmməd müəllim Məhəmməd Əmin Rəsulzadənin seçilmiş əsərlərinin 5 cildini hazırlayıb. Bir sözlə, o, həyatı boyu cümhuriyyətə xidmət edib".
"Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov qeyd edib ki, cümhuriyyət qurucuları çətinliklərlə üzləşsələr də, öz əqidələrindən dönməyiblər: "Cümhuriyyət qurucularının nə qədər ağıllı olduqlarını, hadisələri necə qabaqlamalarını bu hesabatları oxuyanda görürsən”.
Qeyd edək ki, "Qanun" nəşriyyatında çap olunan kitab Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunub. Kitabın transliterasiya redaktoru və məsləhətçisi professor Şamil Vəliyevdir.