Bakı-APA. “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı 22 iyul Milli Mətbuat Günü və təsis edilməsinin bir illiyi ilə bağlı bayram tədbiri keçirib.
APA-nın xəbərinə görə, tədbirə ölkədə fəaliyyət göstərən qəzetlərin, internet portallarının və telekanalların əməkdaşları qatılıb. “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının sədri, millət vəkili Fuad Muradov təbrik nitqində mətbuatın ölkə həyatında oynadığı rolu yüksək qiymətləndirib. Deputat bildirib ki, jurnalist olmaq böyük məsuliyyət tələb edir.
“Cəmiyyətin jurnalist qələminə həmişə ehtiyacı var. Bu şərəfli və ağır işdir”, - deyən F. Muradov rəhbərlik etdiyi təşkilatın mətbuatla səmərəli əməkdaşlığından məmnun olduğunu vurğulayıb.
Daha sonra “Böyük İpək Yolu” BGT-nin xatirə hədiyyələri jurnalistlərə təqdim olunub.