İranın İsfahan şəhərində yerli “Nəsle Fərda” (“Gələcək Nəsil”) mətbuat müəssisəsi ilə “APA Holdinq” arasında əməkdaşlıq sazişi imzalanıb.
APA-nın Tehran bürosunun məlumatına görə, sazişə “Nəsle Fərda” baş direktorunun müavini Əli Şərifməneş və “APA Holdinq”in prezidenti Vüsalə Mahirqızı imza atıblar.
Sənədə əsasən hər iki agentlik arasında əməkdaşlıq əlaqələri qurulacaq. Sazişdə xəbər, foto, film mübadiləsinin aparılması, eləcə də təcrübə mübadiləsi üçün hər iki KİV-dən nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin təşkili və digər məsələlər nəzərdə tutulub.
“Nəsle fərda” mətbuat müəssisəsi 26 ildir təsis olunub. Müəssisə çərçivəsində bütün ölkə üzrə yayılan bir qəzet, İsfahan əyaləti üzrə ayrıca qəzet, həftəlik idman jurnalı, “Sepah gərdeşgəri” adında aylıq turizm jurnalı və sağlamlıq sahəsində daha bir jurnal nəşr edilir.
İmzalanma mərasimindən sonra Vüsalə Mahirqızı “APA Holdinq”in fəaliyyəti barədə ətraflı məlumat verib. O bildirib ki, Azərbaycan və İran oxşar mədəniyyətə sahibdir: “İsfahan turizmin mərkəzi kimi bizim üçün çox önəmlidir. Bizim üçün sizin müəssisə ilə əməkdaşlıq da önəmlidir, çünki İranın turizm qütbü olan İsfahanda yerləşirsiniz. İrandan Azərbaycana gələn turistlərin sayı artır. İranlıların Azərbaycanı daha yaxından tanımasına sevinirik”.
V. Mahirqızı deyib ki, Azərbaycan xalqı səyahət etməyi xoşlayır və xüsusilə İran insanlar üçün daha cəlbedici ölkədir: “Lakin bəzi hallarda insanlara məlumatlar düzgün çatdırılmır və onlar haralara səfər etməyin daha əlverişli olduğunu müəyyənləşdirə bilmir. İkitərəfli əməkdaşlığı inkişaf etdirmək və bu sahədə informasiyalar yaymaqla, belə halların qarşısını almaq mümkün olar”.
Ə. Şərifməneş isə “APA Holdinq” kimi media qurumu ilə əməkdaşlıq sazişi imzalanmasını sevindirici hal adlandırıb: “Apardığımız araşdırma və əldə etdiyimiz məlumatlar əsasında bu qərara gəldik ki, APA müştərək əməkdaşlıq üçün yaxşı seçimdir. Biz beynəlxalq mətbuat qurumları ilə əməkdaşlıqlarımızı davam etdirəcəyik”.
Sonda V. Mahirqızı müəssisənin xatirə dəftərini imzalayıb.
Qeyd edək ki, “APA Holdinq”in rəhbəri bu gün İran Dövlət Televiziyasının nəzdində fəaliyyət göstərən universitetdə keçiriləcək KİV Müdirləri Konfransında çıxış edəcək. Onun Beynəlxalq Mətbuat Sərgi-Festivalında çıxışı da gözlənilir.