Bakı. Ramil Məmmədli – APA. “Azadlıq” qəzetinin 29 yanvar sayı texniki problemlər səbəbindən nəşr olunmayıb.
Qəzetin baş redaktoru Rahim Hacıyev APA-ya bildirib ki, problem redaksiyanın texniki avadanlığında - printerində yaranıb: “Bir neçə dəfə belə problem yaranmışdı. Ancaq problemi tez bir zamanda həll edə bilmişdik. Lakin bu dəfə problem aradan qaldıra bilinmədi. Qəzetin materialları tam hazırlanmışdı. Amma son məqamda - səhifələr çapa veriləndə çap maşını xarab oldu. Bu dəfə problemi həll edə bilmədik”.
R.Hacıyev problemin bu gün həll ediləcəyini və qəzetin yeni sayının yanvarın 30-da satışda olacağını deyib.