APA-nın məlumatına görə, tədbirdə bildirilib ki, gənc Azərbaycan jurnalistləri tərəfindən yazılan və rus dilində kütləvi tirajla çap olunan nəşrdə ilk dəfə olaraq, respublika mediası, onun inkişaf perspektivləri, problemləri və spesifik xüsusiyyətləri haqda məlumatlar toplanıb. Kitabın müəllifləri 2007-2015-ci illərdə “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Moskva Dövlət Linqvistika Universitetində və “RİA Novosti” Agentliyində ixtisas artırma kursu keçiblər. Bununla yanaşı internet resursları üzrə paylaşılan geniş həcmli məlumatların analizi üzrə böyük iş görərək, Azərbaycanın vacib KİV-lərinin hər birinin özünəməxsus prioritetini yenidən yaradıblar. 8 bölmədən ibarət kitab Rusiyanın əməkdar inşaatçısı Moskva Vilayətinin Domodedova şəhəri Dumasının deputatı Əlizaman Rəhimovun dəstəyi ilə nəşr olunub.
Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu bildirib ki, SSRİ-nin süqutundan sonra digər post sovet respublikalarında olduğu kimi Azərbaycanda da medianın inkişafı bizim üçün yad olan məcraya qədəm qoyub. Onun sözlərinə görə, bütün dünyada olduğu kimi Azərbaycanda da media öz fəaliyyətini informasiya üzərində qurub.
P. Bülbüloğlu Rusiyada yaşayan azərbaycanlıların yaşam tərzi haqda da danışaraq, bildirib ki, bütün bu və ya digər məqamlara baxmayaraq, soydaşlarımız öz milli kimliklərini qoruyub saxlamağa çalışırlar. Bununla yanaşı Rusiyanın ictimai-siyasi, sosial həyatında da fəal iştirak edirlər. P. Bülbüloğlu nəşrin önəmini də vurğulayaraq, azərbaycanlı jurnalistlərin bu istiqamətindəki fəaliyyətini təqdir edib.
Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxin isə bildirib ki, bu kitab hər iki ölkənin media dairələri üçün maraqlı ədəbiyyat hesab olunmalıdır. Səfir qeyd edib ki, tarixi əlaqələrə söykənin Rusiya-Azərbaycan əlaqələri daha maraqlı kitabların araya-ərsəyə gəlməsinə stimul olacaq.
Rusiyanın əməkdar inşaatçısı, Moskva Vilayəti Domodedovo şəhər Dumasının deputatı Əlizaman Rəhimov isə ölkələrin arasında əlaqələrin inkişafında diasporanın roluna toxunub: “Rusiyada azərbaycanlıları tacir olmaqla yanaşı, başqa sahələrdə də aktiv vətəndaş kimi də tanıyırlar”.
Moskva Dövlət Linqvistika Universitetinin professoru Qennadiy Bordyoqov bu kitabın araya-ərsəyə gəlməsində rolu olan azərbaycanlı jurnalistləri təqdim edib və nəşrin ictimai həyat da maraq doğuracağına inandığını söyləyib.