Bakı-APA. Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) 95 illik yubileyi qeyd olunub.
APA-nın xəbərinə görə, mərasimə Dünya Xəbər Agentlikləri Konqresi Şurasının (NACO) Bakı iclasının iştirakçıları, bir sıra xarici ölkələrin informasiya agentliklərinin rəhbərləri, dövlət və hökumət rəsmiləri, deputatlar, KİV və QHT rəhbərləri qatılıblar.
“AZƏRTAC”ın baş direktoru Aslan Aslanov Bakıda keçirilən Dünya Xəbər Agentlikləri Konqresi Şurasının növbəti iclası barədə danışıb.
Baş direktor qeyd edib ki, agentliyin 95 illik yubileyi ərəfəsində qurumun 13 əməkdaşı Azərbaycan prezidenti tərəfindən bir sıra fəxri adlar və mükafatlarla təltif edilib.
A. Aslanov onu da qeyd edib ki, 2016-2019-cu illərdə Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatına və Dünya Xəbər Agentlikləri Konqresinə “Azərtac” sədrlik edəcək.
Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov isə çıxışında 2016-cı ildə Azərbaycanın Dünya Xəbər Agentliklərinin V Konqresinə ev sahibliyi edəcəyini diqqətə çatdırıb: “Banisi ümummilli liderimiz Heydər Əliyev olan müasir müstəqil Azərbaycan dövləti bu gün ictimai, siyasi, mədəni, idman və digər mühüm tədbirlərin keçirildiyi beynəlxalq mərkəzə çevrilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz, xalqımız öz inkişafının sürətini gündən-günə artırır, müasirləşir, dünyanın qabaqcıl ölkələri və xalqları arasında layiqli yerini tutur”.
Əli Həsənov tədbirdə iştirak edən xarici qonaqların Azərbaycanın, o cümlədən paytaxt Bakının sürətli inkişafının şahidi olduqlarını vurğulayaraq onların öz ölkələrinə xoş təəssüratlarla qayıdacaqlarına əminliyini bildirib.
Ə. Həsənov bildirib ki, agentliyin kollektivi Azərbaycanın 95 illik tarixinin yazılı salnaməsini yaradıb: “Azərbaycan jurnalistikasının ən fədakar nümayəndələri AZƏRTAC-da və digər xəbər agentliklərində çalışırlar. AZƏRTAC-ın baş direktoru başda olmaqla bu kollektiv iyirmi ildən artıqdır müasir müstəqil Azərbaycanın yazılı salnaməsini yaradır, ölkəmizin siyasi, iqtisadi, mədəni və digər sahələrdə uğurlu inkişafını təbliğ edirlər”.
Mərasimdə Azərtacla Türkiyənin Anadolu Agentliyi, Sloveniya Mətbuat Agentliyi (STA) arasında əməkdaşlıq, Rumıniyanın AGERPRES Agentliyi ilə Anlaşma Memorandumu imzalanıb.