Bakı-APA. “TRT Haber” kanalının ən çox seyr edilən proqramlarından olan “Ufuk Cizgisi” proqramının çəkiliş qrupu Azərbaycana gəlir. APA-nın məlumatına görə, TRT-nin Bakı nümayəndəliyinin rəhbəri Yüksəl Dəgərcanın TRT-nin ən təcrübəli proqram rejissorlarından biri olan Halik Koc və çəkiliş qrupunun 14-21 Mart tarixləri arasında Bakıya gələcəklərini deyib. Ötən həftə TRT Haber kanalında Xocalı qətliamını və Qafqazlardakı gərginliyi ekranlara gətirən Haluk Koc Azərbaycan haqqında proqramlar hazırlayacaq. Səfər çərçivəsində ermənilər tərəfindən qəddarlıqla öldürülən Azərbaycan türklərinin Qubadakı kütləvi məzarlığında, cəbhə xəttində çəkilişlər aparılacaq, , 31 Mart soyqırımı haqqında proqramlar hazırlanacaq. Proqramlarda Azərbaycan iqtisadiyyatının inkişafı, Xəzər neft və qaz sektorundakı Türkiyə-Azərbaycan işbirliyi, həmçinin Qarabağ problemi və qondarma erməni iddiaları işıqlandırılacaq. Halik Kocun rəhbərliyi altında ərsəyə gələn proqram 20 Martda Bakıdan canlı yayımlanacaq. Proqrama Azərbaycandan qonaqlar dəvət ediləcək. TRT Haber kanalında isə Azərbaycandan silsilə proqramlar nümayiş olunacaq.