Bakıda “Avropa irs günlərinin qeyd edilməsi: Bakı-2014” adlı tədbir keçirilib

Bakıda “Avropa irs günlərinin qeyd edilməsi: Bakı-2014” adlı tədbir keçirilib
# 14 oktyabr 2014 09:08 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi çərçivəsində “Avropa irs günlərinin qeyd edilməsi: Bakı-2014” tədbiri keçirilib.

APA-nın məlumatına görə, tədbir iştirakçıları əvvəlcə “İcmalar irsi formalaşdırır: Azərbaycan simaları” mövzusunda hazırlanan fotosərgi ilə tanış olublar.

Mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək bildirib ki, Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi çərçivəsində nəzərdə tutulan silsilə tədbirlər sırasında mədəniyyət və turizm tədbirlərinin keçirilməsi müsbət haldır: "Bu sahədə ilk tədbir “Mədəniyyət və rəqəmsallaşmanın mübadiləsi üzrə birinci platforma – Bakı konfransı” idi. Azərbaycan artıq özünü Avropa ailəsinə daha yaxın tanıtmağa nail olub. Artıq Avropada Azərbaycan haqqında məlumat daha genişdir. Qloballaşan dünyada Azərbaycan bütün mədəniyyətlərə doğru açıq sima, açıq niyyət arzusu ilə gedir".

Tədbirdə “Avropa irs günləri layihəsi və onun Azərbaycanda qeyd olunması”na dair film göstərilib, Avropa Şurasının Demokratik İdarəçilik Direktorluğunun rəhbəri Klaudia Luçianinin videomüraciəti nümayiş etdirilib.

Avropa Şurasının Bakı ofisinin rəhbəri Draqana Filipoviç, Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard, Avropa Komissiyasının “Yaradıcı Avropa proqramının” rəhbəri Monika Urian de Souza və “Avropa irs günləri” layihəsinin meneceri Madelena Qrosman tədbirin əhəmiyyətindən və təmsil etdikləri ölkədə müvafiq sahə üzrə təcrübələrindən söz açıblar.

Qeyd edək ki, layihənin əsas məqsədi yerli və əcnəbi ziyarətçilərin mədəni irs obyektlərinə sərbəst girişini təmin etmək, tarix və mədəniyyət abidələrinin qorunması məsələlərinə geniş ictimaiyyətin diqqətinin cəlb olunması və milli mədəni irsin təbliğidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR