«Yurd» TV-nin 2 yaşı tamam olur

«Yurd» TV-nin 2 yaşı tamam olur
# 05 mart 2013 13:03 (UTC +04:00)

Bakı - APA. “Yurd” televiziyası 2 yaşını qeyd edir. APA-nın xəbərinə görə, Azərbaycanda ilk tam HD sistemli internet televiziyası olan “Yurd” TV 2011-ci ilin martında fəaliyyətə başlayıb.

Gün ərzində internet vasitəsilə çoxsaylı tamaşaçının izlədiyi bu televiziyamız əsasən informasiya, ictimai-siyasi, sosial istiqamətdə fəaliyyət göstərir. Hər saatda xəbər buraxılışları yayımlanır. Yurd TV-yə qədər ölkədə həm “online”, yəni normal televiziya yayımı həyata keçirən, həm də “offline”, yəni istənilən zaman istədiyin verilişə baxmaq imkanı təmin edən formatla işləyən və özünə müəyyən bir format seçən televiziya olmayıb. Ona görə də “Yurd” TV dünya təcrübəsini öyrənərək qarşısına məqsəd qoyub ki, Azərbaycanda baş verən hadisələri internet vasitəsilə, ətraflı şəkildə həm yerli tamaşaçıya, həm də xaricdəki soydaşlarımıza çatdıra biləcək bir yayım siyasəti qursun və qısa zamanda buna nail olub.

Qeyd edək ki, Azərbaycanda həm texniki, həm də yaradıcılıq baxımından peşəkar şəkildə qurulan ilk internet televiziyası məhz “Yurd” TV-dir. Hər gün ən azı 8 min, bəzən isə 11-12 min insan “Yurd” TV-nin internet səhifəsinə daxil olur, müxtəlif verilişlərə və xəbər süjetlərinə, buraxılışlarına baxır, həmçinin “online” qaydada efiri izləyir. Ümumiyyətlə, «Yurd» TV Azərbaycanda ən çox izlənilən internet televiziyasıdır.

«Yurd» TV-nin təsisçisi Rüstəm Əliyev bildirib ki, fəaliyyətə başlayandan öncə televiziyanın auditoriyası, onun kimlərin marağında ola biləcəyi müəyyən edilib: “Yəni Azərbaycanda nə qədər internet istifadəçisi var, onlar hansı yaş qrupundadır, hansı növ videomateriallarla maraqlanır, hər şey dəyərləndirilmişdi. Təkcə Azərbaycanda deyil, ölkəmizdən kənarda yaşayan soydaşlarımızın da marağını nəzərə almışdıq. Bildiyimiz kimi, hər bir peyk müəyyən ərazini əhatə edir. Yəni hansısa ənənəvi televiziya peyk vasitəsilə yayımlanırsa, ona heç də dünyanın hər yerində baxmaq olmur. Amma internetlə yayımlanan televiziyanı dünyanın istənilən nöqtəsində, qlobal kompüter şəbəkəsinə çıxış olan hər yerdə izləmək mümkündür. Azərbaycanda həm texniki, həm də yaradıcılıq baxımından peşəkar şəkildə qurulan ilk internet televiziyası məhz «Yurd» TV-dir. Əsasən xəbər formatında çalışırıq. Çünki 1 il ərzində müxtəlif janrlarda verilişlər hazırlasaq da, gördük ki, xəbərlərə maraq daha böyükdür. Bu amili fəaliyyətimizin 2-ci ilində nəzərə aldıq. Bir sözlə, internet televiziyaçılığını Azərbaycanda populyarlaşdırdıq və bizdən sonra da həmkarlarımız tərəfindən bu istiqamətdə addımlar atılmaqdadır”.

Rüstəm Əliyev xatırladıb ki, prezident İlham Əliyevi 2013-cü ili Azərbaycanda informasiya texnologiyaları ili elan edib: “Bu, ölkəmiz üçün mühüm əhəmiyyət daşıyan məsələdir və sektorun inkişafına böyük təkan verəcək bir qərardır. İnternetin həm texniki, həm də məzmun baxımından inkişafına ümidlərim böyükdür. İnanıram ki, 2013-cü ildə internet sferasında fəaliyyət göstərən televiziyaların da fəaliyyətində inkişaf və genişlənmə nəzərəçarpacaq dərəcədə hiss olunacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR