"AvropadASAN" proqramının ilk mövsümünün başa çatması münasibəti ilə tədbir keçirilib.
APA-nın xəbərinə görə, tədbirdə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə, verilişin yaradıcı heyəti, radionun kollektivi, media nümayəndələri iştirak ediblər.
ASAN Radionun direktoru Emin Musavi bildirib ki, iki yaşını qeyd edən ASAN Radionun bu il yayımladığı yeni proqramlar arasında Avropa İttifaqının dəstəyi, ADA Universitetinin bələdçiliyi ilə həftədə bir dəfə efirə çıxan “AvropadASAN” adlı proqram da var. Onun sözlərinə görə, maarifləndirici və əyləncəli verilişin məqsədi Avropa bölgəsini daha da yaxından tanıtmaqdır: “AvropadASAN” verilişi eyni zamanda həm coğrafi, həm də daşıyıcısı olduğu maddi və mənəvi dəyərlərlə Avropanın tərkib hissəsi olan Azərbaycanın tarixi, mədəniyyəti, adət-ənənələri haqqında dinləyicilərə ətraflı məlumat verir”.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas isə qeyd edib ki, “AvropadASAN” layihəsini həyata keçirmək üçün güclü bir komanda çalışıb: “Çox şadam ki, azərbaycanlı dinləyicilər bu proqram vasitəsilə müxtəlif mövzularla bağlı maarifləndirilir. Güclü bir komanda sayəsində əldə olunan bu nailiyyət və Aİ ilə Azərbaycan arasında əlaqələrin dinamik inkişafı bizi sevindirir”.
ADA Universitetinin prorektoru Fariz İsmayılzadə təhsil ocağının bələdçiliyi ilə yayımlanan proqramın uğurlu alınmasında ASAN Radionun rolunu qeyd edib. Prorektor bildirib ki, həm ADA Universiteti, həm Avropa İttifaqı radionun geniş dinləyici auditoriyasından istifadə edərək layihəni uğurla həyata keçirib.
“AvropadASAN” verilişinin redaktoru və aparıcısı Şəfəq Mehrəliyeva bildirib ki, layihənin uğurlu alınması komanda işinin nəticəsidir və dərslik kimi istifadə oluna bilər.
Qeyd edək ki, layihə barədə razılaşmanı bu ilin mayında ASAN Radionun direktoru Emin Musavi və ADA Universitetinin prorektoru Fariz İsmayılzadə imzalayıblar. Radio layihə Avropa İttifaqının dəstəyi ilə ADA Universitetində 2013-cü ildən bəri fəaliyyət göstərən Avropa İttifaqı Məsələləri üzrə Bilik Mərkəzinin təşəbbüsüdür.