Bank Of Baku

"PR və media dialoqu" mövzusunda tədbir keçirilib

"PR və media dialoqu" mövzusunda tədbir keçirilib
# 26 yanvar 2018 08:13 (UTC +04:00)

Bakıda "PR və media dialoqu" mövzusunda tədbir keçirilib.

 

APA-nın xəbərinə görə, tədbir Mətbuat Şurası və Azərbaycan İctimaiyyətlə Əlaqələr  Mütəxəssisləri Assosiasiyası ilə birgə təşkil edilib.

 

Tədbirdə çıxış  edən Mətbuat Şurasının sədri Əflatun Amaşov tədbirin mahiyyətindən söz açaraq bildirib ki, dialoq çərçivəsində qurumların ictimaiyyətlə əlaqələr strukturunun media ilə necə əlaqə qurması, əlaqələrdə yaranan problemlər ətrafında müzakirələr təşkil ediləcək.

 

Azərbaycan İctimaiyyətlə Əlaqələr Mütəxəssisləri Assosiasiyasının (APRA) sədri İlham Məmmədov çıxışında bildirib ki, APRA  təşkilatı 2016-cı ilin may ayında PR strukturunun Azərbaycanda daha geniş aspektdə tətbiqi, ictimaiyyətlə əlaqələr sahəsində tədrisin mükəmməlləşdirilməsi, kadr potensialının artımı üçün şəraitin yaradılması və bu sahənin hərtərəfli inkişafına nail olmaq məqsədilə yaradılıb.

 

İ. Məmmədov deyib ki, bəzi dövlət qurumlarında mətbuat xidməti strukturu olsa da, ictimaiyyətlə əlaqələr strukturu, buna məsul şəxs yoxdur: "Ümumiyyətlə, ictimaiyyətlə əlaqələr  sahəsində akademik təhsil mövcud deyil. Bu sahənin gələcək inkişafını təmin etməyə çalışacağıq”.

 

Qeyd olunub ki, aprelin 14-də keçiriləcək növbəti tədbirdə  beynəlxalq PR mütəxəssisləri də iştirak edəcək.

 

İctimaiyyətlə Əlaqələr Assosiasiyasının fəaliyyətinin vacibliyini vurğulayan "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev bu təşkilatın media və ictimaiyyətlə əlaqələr qurumu arasında münasibətlərin tənzimlənməsinə kömək edəcəyinə ümidini ifadə edib.

A. Quliyev deyib ki, bu sahədə metodik tövsiyələrin verilməsi çox vacibdir: "Azərbaycanda rəhbərliyi ictimaiyyət  tərəfindən tanınmayan mətbuat xidmətləri var. Bəziləri mediaya qapalıdır. Əslində isə bu, onların  özünə, fəaliyyətinin işıqlandırılması  üçün lazımdır. Mətbuat xidməti rəhbərinin  savadı, qələmi olmalı və ictimaiyyətlə əlaqələrin formatını bilməlidir. Bu sahədə kadrların yetişməsinə ehtiyac var".

 

Tədbir qurumların PR və mətbuat xidməti strukturunun fəaliyyəti, məmurların mətbuatdan uzaq düşməsinin səbəbləri, media nümayəndələri və mətbuat xidmətləri arasında əlaqələr və s. mövzular ətrafında müzakirələrlə davam etdirilib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR