Bakı - APA Azərbaycan Dillər Universitetində (ADU) Həsən bəy Zərdabinin 170 illiyinə həsr olunmuş tədbir keçirilib.
APA-nın xəbərinə görə, tədbir ADU-nun İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri, Azərbaycan dili və ədəbiyyatı kafedrasının müəllimi Zeynab Kazımova və Filologiya fakültəsinin Jurnalistika ixtisasında təhsil alan tələbələrin təşkilatçılığı ilə baş tutub.
Tədbirdə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, “Ayna” və “Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və Həsən bəy Zərdabinin qohumları iştirak edib.
Tədbiri aparıcıları Azərbaycanın görkəmli ziyalısı Həsən bəy Zərdabi haqqında məlumat veriblər, onun naşiri olduğu “Əkinçi” qəzetindən, Azərbaycanda milli mətbuatımızın əsasının məhz bu qəzetlə qoyulduğundan söz açıblar. Sonra Həsən bəy Zərdabinin həyat və yaradıcılığına həsr olunmuş videoçarxlar təqdim edilib. Daha sonra tələbələrin ifasında səhnəciklər göstərilib.
Tələbələrin çıxışından sonra Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov tədbirin gözlədiyindən də yüksək şəkildə keçdiyini bildirdi və Mətbuat Şurası tərəfindən tədbirdə iştirak edən tələbələrin Fəxri diplomla mükatalandırılacaqlarını söyləyib. Ə.Amaşov Həsən bəy Zərdabinin Azərbaycan mətbuatına verdiyi töhfələrdən danışıb.
“Ayna” və “Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı çıxışında xeyli xatirələrə daldığını, özünün də bu universitetin tələbəsi olduğunu qeyd edib. ADU-da Jurnalistika ixtisasının açıldığından şad olduğunu söyləyən E.Şıxlı redaksiyasında 2 nəfər ingilis dili bilən işçilərdən birinin məhz bu universitetin məzunu olduğunu söyləyib və dilləri tədris edən universitetin gələcəyə lazımlı jurnalistlər yetişdirəcəyindən əminliyini ifadə edib. O, “Zərdabini dünyaya çıxarmaq üçün dünyanın dilini bilmək lazımdır” fikirlərini sözlərinə əlavə edib.
ADU-nun Azərbaycan tarixi, sosial elmlər və fəlsəfə kafedrasının professoru, H.Zərdabinin qohumu Məhəmməd Teymurlu ADU-nun jurnalistlər yetişdirməsindən şad olduğunu deyərək, Zərdabi ideyalarına əməl edib ondan güc almağın vacibliyindən danışıb.
Sonda ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov prezident İlham Əliyevin məhz Azərbaycanın milli mətbuatının banisi Həsən bəy Zərdabinin 170 illiyinin keçirilməsi ilə bağlı sərəncamın bugünkü Mətbuat nümayəndələri üçün vacib bir addım olduğunu vurğulayıb. ADU-da Jurnalistika ixtisasının açılmasının elə də asan olmadığını deyən rektor və burada iştirak edən və etməyən tanınmış mətbuat işçilərinin yüksək rəyi əsasında ADU-da bu ixtisasın artıq fəaliyyət göstərdiyini vurğulayıb, tədbirin yüksək səviyyədə təşkilinə görə ADU-nun mətbuat xidmətinin rəhbəri Zeynab Kazımovaya təşəkkürlərini bildirib və tələbələri təbrik edib.